date saat
Hər bir insan vətəndaşlıq kimliyi ilə mənsub olduğu dövlətin, eləcə də aid olduğu xalqın təmsilçisidir. Şəxsin vətəndaş olaraq mənsubiyyəti xalqına və dövlətinə bağlılığı, aid olduğu xalqın fərdi kimi öz milli dəyərlərinə sadiqliyidir. Vətəndaşlıq həmrəyliklə, bir olmaqla bütövləşən anlayışdır. Eyni zamanda vətəndaşlığın əsasında mənəvi olaraq vətənpərvərlik bağı dayanır. Biz bunu Vətən müharibəsində əyani olaraq, daha qabarıq şəkildə gördük və yaşadıq. Bu haqq savaşında biz xalq olaraq bütöv olduq. Din, dil, irq, etnik mənsubiyyət fərqi vətəndaş həmrəyliyi ilə, xalqın vahidliyi ilə bütövləşdi. Bütün dünyaya bir daha sübut edildi ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Sadəcə dinc dövrdə deyil, eyni zamanda müharibə dövründə də milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir yumruq kimi birləşməyi bacardı. Tolerantlığın Azərbaycan nümunəsi öz sözünü Vətən müharibəsində lap aydın şəkildə nümayiş etdirdi. Biz vətəndaş olaraq həm ön, həm də arxa cəbhədə mübarizə apararaq düşmənlərimiz üzərində haqq etdiyimiz qələbəni təmin etdik. Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər Paradına baxanda ulu öndərimizin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” məşhur kəlamını qəlbən duyub, hiss etdik. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq hər birimiz qürur və məmnuniyyət duyduq. Bizə bu sevinci yaşadan Ali Baş Komandana və müzəffər ordumuza minnətdarıq. Həmçinin bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Qazilərimizə tezliklə şəfa tapmalarını diləyirik.
Vətəndaşlığın hüquqi əhəmiyyəti
Vətəndaşlıq, onunla bağlı hüquqi məsələlər hələ qədim zamanlardan bəri hüquqi əhəmiyyətə malik olduğundan hüquqi tənzimlənmənin predmeti olub və öz inkişafında bir sıra mərhələlərdən keçibdir. Dünya xalqlarının, eləcə də Azərbaycanın hüquq tarixində vətəndaşlıqla bağlı münasibətlərdə zaman–zaman fərqli məfhumlardan istifadə edilsə də, müasir hüquqda vətəndaş anlayışından istifadə olunur.
Hər bir ölkədə şəxslərin gündəlik həyatına təsiri olduğu üçün vətəndaşlığın son dərəcə hüquqi əhəmiyyəti və üstünlükləri var. Vətəndaşlıq faktı ilə şəxs səs vermək hüququ, dövlətdə vəzifə tutmaq hüququ, səhiyyə xidmətləri, ictimai təhsil, daimi yaşayış yerinə sahib olmaq, şəxsi torpaqlara sahib olmaq hüququ və əmək fəaliyyəti ilə məşğul olmaq kimi və s. hüquqlar əldə etmiş olur. Eyni zamanda vətəndaşlıq faktı ilə şəxslərin vəzifələri müəyyənləşir. Vətəndaşlar onların üzərinə qoyulmuş vəzifələri icra edir, qanuni mənafelərini həyata keçirir, dövlət isə öz növbəsində vətəndaşların maraqlarını müdafiə edir.
Vətəndaşlığın əldə edilməsinin əsasları
Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsilə təsbit olunmuşdur. Həmin maddədə göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda vətəndaşlığın əldə edilməsinin aşağıdakı əsasları təsbit edilmişdir:
1.Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;
2. Respublika vətəndaşlığına qəbul edildikdə;
3.Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
4.Qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda.
Həmin qanunla vətəndaşlığın əldə edilməsinin dörd əlaməti müəyyənləşdirilibdir. Azərbaycan Respublikasının ərazisində və respublika vətəndaşlarından doğulmağa görə müəyyənləşən iki əsas prinsip isə vətəndaşlığın əldə edilməsinin əsas şərtləri hesab olunur. Qeyd edək ki, bir çox ölkərdə bu iki prinsipə əsaslanan müvafiq qanunlar qəbul edilibdir. Bu səbəbdən insanların əksər çoxluğu üçün vətəndaşlığın müəyyən olunması heç də mürəkkəb deyildir. Belə ki, Azərbaycan Respublikasında hər bir uşaq doğulduqdan sonra qanunvericiliyə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir.
Lakin müxtəlif səbəblər üzündən əhali kütləsinin miqrasiya etməsi, milli münaqişələr, müxtəlif dövlətlərin vətəndaşları ilə bağlanılan nikahlar və digər səbəblər vətəndaşlığın əldə edilməsi, bərpası və dəyişdirilməsi üçün müəyyən çətinliklər yaradır.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq statusu
Qeyd edilməlidir ki, ərazi yurisdiksiyası əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə münasibətdə təkbaşına kifayət etmir. Belə ki, hər iki valideyni əcnəbi olan və ya valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxslərdən doğulan uşaqlar Azərbaycan Respublikasının ərazisində doğulmasına baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmirlər. Lakin vətəndaşlığı olmayan şəxslərdən doğulan və ya hər iki valideyni naməlum uşaqlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Azərbaycan dövləti qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla ikili vətəndaşlığı tanımır. Çünki ikili vətəndaşlıq elə bir hüquqi vəziyyətdir ki, burada bir şəxs eyni zamanda iki dövlətin vətəndaşlığını daşıyır. Həmin şəxs vətəndaşı olduğu hər bir dövlətlə münasibətdə hər bir vətəndaşlığından irəli gələn hüquqlara malikdir və vəzifələr daşıyır.
Elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan və ya Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb edən, digər müstəsna hallarda əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Valideynlərin vətəndaşlığı dəyişdikdə və övladlığa götürüldükdə uşaqların vətəndaşlığı
Qanunla müəyyən edilən digər mühüm məsələlərdən bir də uşaqların vətəndaşlığının dəyişməsi ilə bağlı olan hüquqi tənzimlənmədir. Belə ki, hər iki valideynin vətəndaşlığı dəyişdikdə onların 14 yaşına çatmamış uşaqları da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olurlar. Yəni uşaqların vətəndaşlıq məsələsi valideynlərinin vətəndaşlığı üzrə müəyyənləşir. Respublika ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxırsa və həmin uşağın üzərində qəyyumluq və ya himayəçilik müəyyən edilmişsə, uşağın böyüdülməsində iştirak etməyən valideynin və ya valideynlərin, qəyyumun və himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.
Azərbaycan Respublikasının vətəndaşları əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürürlərsə, həmin uşaq respublika vətəndaşlığını əldə edir. Qanunla əcnəbi və vətəndaşlığı olmayan uşaqların övladlığa götürülməsi qaydalarında müəyyən nüanslar mövcuddur. Belə ki, əcnəbi uşağın övladlığa götürülməsində valideynlərdən birinin xarici vətəndaşlığı varsa, uşağın vətəndaşlıq məsələsi valideynlərin qarşılıqlı razılığı ilə öz həllini tapır. Ümumiyyətlə qanunun tələblərinə diqqət yetirsək, aydın olar ki, həm əcnəbi uşaqların, həm də vətəndaşlığı olmayan uşaqların övladlığa götürülməsində valideynlərin birinin əcnəbi vətəndaşlığı varsa, uşağın vətəndaşlıq məsələsi qarşılıqlı razılıq əsasında öz həllini tapır.
Vətəndaşlığa xitam verilməsi
Şəxs Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda, vətəndaşlığını itirdikdə, eləcə də beynəlxalq müqavilələrdə və qanunla nəzərdə tutulmuş digər əsaslar olduqda vətəndaşlığına xitam verilir. Əgər şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişsə, yaxud barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.
Fəxri vətəndaşlıq
Dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyində də fəxri vətəndaşlıq anlayışından istifadə olunur. Fəxri vətəndaşlıq dünya birliyi, eləcə də konkret ölkə və xalq qarşısında xüsusi xidmətləri olan şəxslərə, onların razılığına əsasən verilir. Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdir və eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xüsusi himayəsi altındadır.
Siyavuş Babayev
Ədliyyə Nazirliyinin əməkdaşı, kiçik ədliyyə müşaviri
15 dekabr 2020-ci il tarixdə "nuhcixan.az" saytında dərc olunub