date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda Culfa rayonunda bələdiyyə sədrləri və bələdiyyə qulluqçularının iştirakı ilə seminar keçirilib.

Culfa Rayon İcra Hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mehdi Paşayev çıxışında  bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə sahəsinin də muxtar respublikada daim diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmiş, keçirilən maarifləndirici seminarların və metodiki köməkliklərin əhəmiyyətindən danışmışdır.

Seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən Xəyal Eyvazov, Qanunçuluq bölməsinin rəisi Ayaz Məhərrəmov və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov çıxış ediblər.

Çıxışlarda bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələbləri, bələdiyyələrin mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı, bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələbləri mövzularına toxunulmuşdur.

Vurğulanıb ki, bələdiyyə əmlakından səmərəli istifadə edilməsi məqsədilə icarəyə ayrılmış bələdiyyə torpaqlarının məqsədli təyinatına uyğun istifadəsi və icarə haqlarının bazar məzənnəsinə uyğun təmin edilməsi məsələlərinə diqqət artırılır, bu istiqamətdə qanunauyğun tədbirlərin görülməsi üçün ayrı-ayrı bələdiyyələrə köməklik göstərilməsi nazirlik tərəfindən diqqətdə saxlanılır.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib. Nazirliyin əməkdaşları tərəfindən bələdiyyə sədrlərinə “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsinin xüsusiyyətlərinə dair” metodiki vəsait təqdim edilib.

Bələdiyyələrin fəaliyyətinin qanunauyğun qurulması məqsədilə maarifçilik tədbirləri davam etdirilir.

 

    Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti