date saat
Bəşəriyyət öz inkişafı tarixində yüzlərcə kəşflər etmişdir. Hər bir kəşf öz vəzifə və məqsədinə görə cəmiyyətin tərəqqisində xüsusi rol oynayır. Bu əhəmiyyətli kəşflərdən biri də yazıdır. Yazının yaranma tarixi hələ çox qədim dövrlərə gedib çıxır. Onun əlifbadan əvvəlki dövrü piktoqrafik və ideoqrafik yazı növləri ilə seçilir. İlk yazı növü müxtəlif şəkillər və simvollar əsasında formalaşaraq təsvir vasitəsi ilə müəyyən məlumatlar şəklində yazıya köçürülmüşdür. Belə məlumatların yazıya çevrilmə səbəbi nitqi şəkil və simvollarla canlandırma deyil, baş vermiş hadisələri yadda saxlamaq zərurətindən meydana gəlmişdir. Qədim zamanlarda insanlar ayrı-ayrı qruplar şəklində yaşadıqları üçün əlaqələri zəif olmuşdur. Lakin ictimai quruluşun formalaşmağa başladığı zaman bölgüsündə bu qruplar arasında siyasi, iqtisadi və sair əlaqələr tədricən yaranmağa başlamışdır. Ayrı-ayrı tayfalar arasında müəyyən məqsədlər üçün bir-biriləri ilə danışıqlar aparmaq zərurəti meydana gəlmişdir. Həmçinin öz duyğu, düşüncə və arzularını bir-birilırinə çatdırmaq ehtiyacı da yaranmışdır ki, belə təlabatı, şübhəsiz, təkcə şifahi ünsiyyət ödəyə bilməzdi. Elə buna görə də insanlar ünsiyyətə köməkçi olan ikinci bir vasitəni, yazını yaratmağa başladılar. Qeyd edək ki, yazının başlanğıc dövrü heç bir xüsusi plan və ya düşünülmüş qayda əsasında deyil, tədrici yolla meydana gəlmişdir. Deməli, yazı insanların dillə ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə, çox tədrici şəkildə, həm də zəruri təlabat əsasında meydana gəlmişdir. Yazının əmələ gəlməsində fikrin müxtəlif vasitələrlə ifadə və əks olunmasının xüsusi təsiri olmuş və bu proses əsasən iki formada baş vermişdir.
1. fikrin əşya vasitəsi ilə ifadə edilməsi;
2. fikrin xətlər, cizgilər vasitəsi ilə əks olunması.
Fikrin əşya vasitəsilə ifadə edilməsi tarixi daha qədimdir. Yazının meydana gəlməsi tarixini araşdıran alimlərdən bir qrupu, insanların öz fikirlərini əşya vasitəsi ilə əks etdirmələrini “əşyavi yazı” adlandırmışlar. Çünki yazı əsasən xətlərdən və cizgilərdən ibarət olduğundan, fikrin şərti mənalı əşyalarla ifadəsi yazı adlana bilməzdi. Lakin qeyd etmək lazımdır ki, fikrin şərti mənalı əşyalarla ifadə olunması da yazının ilkin formalaşması amillərindən biri kimi qəbul oluna bilər. Qədim dövrlərdə insanlar öz fikirlərini uzaq məsafədə yaşayan insanlara (qəbiləyə, tayfaya və s) çatdırmaq üçün bir neçə vasitədən, o cümlədən əşyalardan bacarıqla istifadə etmişlər. Məsələn: “ox” göndərməklə müharibə, “qəlyan” göndərməklə sülh, “duz” göndərməklə dostluq, “qızıl gül” göndərməklə sevgi, eşq-məhəbbət və sair kimi düşüncələri ifadə edən anlayışlar o dövrün ibtidai yazı formalarının bariz nümunələrindəndir. Göründüyü kimi məlumatı əşya ilə ifadə etmək müəyyən cəhətlərinə görə yazını xatırlatsa da əşya və digər vasitələrlə fikrin, məlumatın ifadə edilməsi cizgilər və xətlər müqabilində hələ ki, yazı hesab oluna bilməzdi. Lakin yazının əmələ gəlməsi və inkişafında bunların da mühüm rol oynadığı şübhəsizdir. Fikirlərin ifadə forması zamanı ibtidai insanlar əşya vasitələrindən, şərti mənalı primitiv xətlərdən və cizgilərdən istifadə etmişlər. İlk insanlar maddi varlığı dərk edərkən mövcud işarələri də anlaya bilmişlər. Belə ki, onlar əvvəlcə torpağın üzərində əks olunmuş izlərlə oradan nə keçdiyini (heyvan, yaxud insan) müəyyən edirdilərsə, daha sonralar izlərin vasitəsilə heyvanın növünü, cinsini, hansı ustiqamətə və necə getdiyini və s. müəyyən edə bilirdilər. Bunu nəzərə alaraq, insanın yazmaqdan əvvəl oxumağı başladığını demək olar. Məsələn: ibtidai insanlar zaman keçdikcə mövcud işarələri oxumaqla yanaşı bu və ya digər heyvanın izini torpaq üzərində göstərməklə həmin heyvandan ovlamaq istədiklərini bildirmiş, rəsmlərini daşlar və qayalar üzərində cızmış, hesab, kəmiyyət bildirmək üçün isə ağac parçasının üstünü əşyanın miqdarı qədər çapmışlar. Qeyd olunanları yazının ilkin forması hesab etmək olar. Yazının növləri və inkişafı barədə ayrı-ayrı dövrlərdə müxtəlif fikirlər və təriflər yaranmışdır. Məsələn: “Məhkəmə Ekspertizasının Ensiklopediyası” kitabında qeyd olunduğu kimi yazı, nitqi qrafik elementlər vasitəsi ilə vaxtında qeyd etmək və onu müəyyən məsafəyə ötürməyə imkan verən işarələr sistemidir. ”Məhkəmə-xətt ekpertizası nəzəriyyə və təcrübəsinin əsas terminləri” kitabında “yazı, insanın fikrini dilin və xüsusi yaranmış şərti işarələr sisteminin köməyilə əks etmə vasitəsidir” kimi münasibət bildirilib. Dilçi alim Afat Qurbanov isə “Ümumi Dilçilik” kitabında bu problem məsələyə “Yazı-görmə vasitəsilə dərk edilib, fikrin ifadəsində əsas ünsiyyət vasitəsinə köməkçi olan işarələr sistemidir” şəklində tərif verib. Yazının növlərini müəyyən edən aşağıdakı mənbələrdə bir neçə fikrə rast gəlinir. Məsələn: “Məhkəmə ekspertzasının ensiklopediyası” kitabında yazının 4 növünü: İdeoqrafik (söz-hecalı), sillabik (hecalı) və hərf və səsli, eləcə də stenoqrafik növləri göstərilmişdir. A.Qurbanov da son tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yazının 4 əsas növü vardır və onlar aşağıdakılardır:
1. Piktoqrafik (şəkli yazı);
2. İdeoqrafik (fikri yazı);
3. Silloboqrafik (hecalı yazı);
4. Fonoqrafik (səs yazısı).
Piktoqrafik yazılarda istifadə olunan ayrı-ayrı şəkillər piktoqramlar adlandırılmışdır. Piktoqramlardan təşkil olunan, daha doğrusu piktoqrafik təsvir və yazılar Respublikamızda da çox erkən dövrlərdən istifadə olunmuşdur. Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların, saxsı qabların üzərində heyvan, bitki, insan və s. şəkillər az deyildir. Azərbaycanda piktoqrafik yazı nümunələri Qobustanda, Kəlbəcərdə, Naxçıvanda, Qazaxda, Gədəbəydə və digər ərazilərdə qeydə alınmışdır.
Yuxarıda göstərilən nümunələrin elmi nəticələrinə söykənərək demək olar ki, yaranma tarixi, forma və səbəblərindən asılı olmayaraq qədim yazılar müasir dövrdə istifadə etdiyimiz müxtəlif yazı sistemlərinin əcdadı sayıla bilər.
Qədim dövrlərdən başlayaraq hərfli yazı növü digər yazı tipləri ilə sıx bağlılıq təşkil etmişdir. Bu yazı tipi tədrici olaraq, əsasən də ideoqrafik yazıdan əmələ gəlmişdir. Ümumiyyətlə, yazı tiplərinin hamısı bir-biri ilə üzvü şəkildə bağlıdır. Buna görə də ideoqrafik yazıda ideoqramlarla bərabər piktoqramlar, silloboqrafik yaxud da silloboqramlarla yanaşı həm piktoqram, həm də ideoqramlar, fonoqrafik yazı sistemində isə qrafemlərdən istifadə olunur. Yazı ibtidai, primitiv forma olan şəkilli (piktoqrafik) yazıdan bilavasitə dil və şifahi nitq ilə bağlı olan müasir əlifba yazısının mürəkkəb sisteminə qədər uzun, çoxəsirlik yol keçmişdir. Əlifba yazısının hazırkı sistemi, bir qayda olaraq, sürətli səlist və onunla bərabər əlyazmanın dəqiq icrasını nəzərdə tutur. Əlyazmalara uyğunlaşdırılmış sürətli və dəqiq icra olunmuş yazı adi qaydada icra olunmuş yazı adlanır. Bu proseslərlə yanaşı yazının hərəkətlər sistemi kimi icra olunması və nəticədə xəttin yaranmasına, inkişafına gətirib çıxarıbdir.
Kriminalistik ədəbiyyatlarda xəttin tərifinin müxtəlifliyinə baxmayaraq, onların əksəriyyətinin əsasını belə bir fikir müəyyən edir ki, xətt - əlyazmalarda hər bir şəxsin özünəməxsus hərəkətlər sistemlərinin əks olunmasıdır. Yazı prosesi, əsasən, şüurlu və sərbəst prosesdir, ancaq bununla bərabər geniş avtomatlaşdırılmış tənzimlənməni də özündə saxlayır. Yazı prosesinin avtomatlaşdırılması yazı vərdişinin yaranmasının elə yüksək mərhələsidir ki, bu zaman şüurlu nəzarət yazının nəticəsində onun məna etibarında və bütövlükdə yazı hərəkət prosesində cəmləşir. Yazının qrafik texnikası isə şüurun aktiv iştirakı olmadan həyata keçir. Buna görə də məktəbdə yazı vərdişlərinin öyrənilməsi şəraiti və metodikası, ev tapşırıqlarının icra edildiyi mühitin obyektiv səbəbləri yazmağın öyrənilməsi metodikasını, subyektiv səbəbləri isə yazı prosesinə şüurlu yanaşmanı, yəni yazı aparatının anatomik və biomexaniki xarakteristikası yazının əsəb sisteminin tipoloji xüsusiyyətlərindəndir.
Aparılmış araşdırmalara əsasən qeyd edə bilərik ki, ta qədimdən bu günə kimi insan təbiəti ilə onun xəttinin quruluşunda əlaqə olmuş, xəttin dəyərli və sabit əlamətləri onun xəttinin anadangəlmə anatomik əlamətləri təzahür etmişdir. Qalan əlamətlər isə müxtəlif səbəblərdən dəyişilə bilir. Əslində, icra etdiyimiz xətt əlamətləri bizlərə genetik olaraq ötürülüb. Buna misal olaraq bildirmək istəyirəm ki, orta məktəbin ibtidai siniflərində bütün şagirdlər hüsnüxətə uyğun olaraq yazmağa çalışsalar da nəticədə hər bir şəxsin əlyazma mətni özünəməxsus fərdi şəkildə inkişaf edir. Buna görə də fərqində olmadan bu əlamətləri biz orta məktəbdə xeyli yazı yazmaqla yazı vərdişini inkişaf etdirərək öz fiziologiyamıza, psixologiyamıza, düşüncəmizə, yaşadığımız təbii coğrafi şəraitə və s. şəraitə uyğunlaşdıraraq özümüzünküləşdiririk. Hansı ki, bu fərdilik hesabına da kriminalistik xətşünaslıqda və məhkəmə-xətşünaslıq ekspertizasında bu metoddan istifadə edilərək ekspert tədqiqatı aparılır.
Xüsusi ilə qeyd edim ki, xətt sözün tam mənasında yazı üçün vərdiş edilmiş fərfi hərəkətlər sistemidir ki, bunun da kriminalistikada əhəmiyyəti danılmazdır.
Emin ƏLİYEV
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzinin böyük eksperti, dissertant
"serqqapısı.az" saytında dərc edilmişdir