date saat
Muxtar respublikamızda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu müstəvidə həyata keçirilən və gələcək perspektivlərə hesablanmış uğurlu layihələr icra edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı ali təhsil müəsissələrinin kadr potensialının inkişafına istiqamətlənmiş mühüm amildir. Həmin Sərəncamı rəhbər tutaraq Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təsdiq etdiyi 2020-2021-ci tədris ilinə dair tədbirlər planının icrası istiqamətində işlər davam etdirilir. Tədbirlər planına uyğun olaraq universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinin cari ilin noyabr-dekabr ayları ərzində nazirlikdə və tabe qurumlarında təcrübə keçmələri nəzərədə tutulmuşdur. Tələbələrin nazirliyin Naxçıvan Şəhər Nikah Evində, Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində və Naxçıvan şəhər 3 saylı notariat ofisində təcrübə kursu keçmələri təmin edilmişdir.
Naxçıvan şəhər Nikah Evində olan tələbələr qurumun fəaliyyət istiqaməti ilə yaxından tanış olublar. Onlara nikah əməliyyatlarının aparılması zamanı tələb olunan sənədlər barədə məlumat verilib, bu sahədə kargüzarlığın aparılması qaydaları əyani şəkildə göstərilib. Təcrübədə olan tələbələrə vətəndaşların müraciətlərinə baxılmasına dair qanunvericiliyin tələbləri izah olunmuşdur.
Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində tələbələrə qeydiyyat sahəsində aparılan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair ərizə formaları, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri və həyata keçirilən qeydiyyat əməliyyatlarının təsnifatı barədə məlumat verilmiş, tələbələrin sualları cavablandırılmışdır.
Naxçıvan şəhər 3 saylı notariat ofisində olan tələbələrə notariat hərəkətləri, notariat hərəkətləri aparılmasının əsas qaydaları, notariat hərəkətləri aparılan zaman dövlət rüsumunun ödənilməsi qaydaları və notariat hərəkətlərinə dair qanunvericiliyin əsas müddəaları haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, notariat əməliyyatları aparılarkən tərəflərin hüquqlarının qorunması və qanunvericiliyin tələblərinin gözlənilməsi diqqət mərkəzində saxlanılmalıdır. Ofisdə olan tələbələr iş prinsipi ilə praktiki olaraq tanış olmuş, onları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Tələbələrin təcrübə kursu keçmələri nazirliyin digər yerli qurumlarında davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti