date saat

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə Naxçıvan Universitetinin 2020-2021-ci tədris ili üçün birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində maarifləndirici konfrans keçirilmişdir. Universitetin müəllim və tələbələrinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə Naxçıvan Universitetinin rektoru dosent Nurlana Əliyeva açmış, nikah hüququnun əhəmiyyəti barədə geniş məlumat vermiş, nikahın dövlətin və cəmiyyətin inkişafındakı rolundan danışmışdır.

Kofransda nazirliyin əməkdaşları Rəşad Allahverdiyevin “Nikahın bağlanma qaydası və şərtləri”, Reyhan Sadiqovanın “Nikahın bağlanmasına mane olan hallar”, Həbibə Əliyevanın “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin əhəmiyyəti və qaydaları”, universitetin müəllimləri Aytən Məmmədovanın “Ailə dəyərlərinin formalaşmasında nikahın rolu” və Aygün Rüstəmovanın “Erkən nikah problemi” mövzularında  çıxışları dinlənilmişdir. Qeyd olunmuşdur ki, nikah cəmiyyətimizdə vətəndaşların ən çox müraciət etdiyi aktual mövzulardan biridir. Nikaha daxil olmaq hər bir şəxsin azad hüququdur. Nikahın bağlanma qaydasından danışarkən diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidirlər.  

Həmçinin qeyd olunub ki, qanunvericiliklə nikaha daxil olmağa mane olan hallar da nəzərdə tutulur. Belə ki, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və kəmağıllılıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikah bağlana bilməz.

Vurğalınıb ki, ölkəmizdə ailə münasibətlərinin hüquqi tənzimlənməsi sahəsində mükəmməl qanunvericilik bazası mövcuddur. Ailə dövlət tərəfindən qorunur və himayə edilir. Ailə dəyərlərinə xüsusi diqqət və qayğı ilə yanaşılması muxtar respublikamızda da ailə siyasətinin əsasını təşkil edir. Məqsəd milli dəyərlərimizin əsas hissəsi olan ailə dəyərlərinin qorunub yaşadılması istiqamətində hüquqi tənzimlənmənin həyata keçirilməsi və əsrlərdir formalaşan ailə dəyərlərimizin yaşadılmasından ibarətdir.

Məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilmiş, mövzu ətrafında diskusiyalar aparılmışdır.

 

          Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti