date saat
Vətən müharibəsində qazanılan qələbə münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının tədris mərkəzində əsgər və zabitlərin psixoloji hazırlıq vəziyyətinə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordu Komandanının hüquq işləri üzrə köməkçisi kapitan Amil Hacıyev Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş əsgər və zabitlərin döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb. Bildirib ki, müasir ordu quruculuğu nəticəsində ölkəmiz hərbi sahədə böyük üstünlük əldə etmişdir. O, başda Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla bütün ordumuza Azərbaycan xalqına bu qələbə sevincini bəxş etdikləri üçün minnətdarlığını ifadə edib. Qeyd etmişdir ki, orduda yaradılan yüksək səviyyədə nizam-intizam, əmr və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi, əsgər və zabitlərin xidmət dövründə tabeçilik münasibətlərinə riayət etmələri torpaqlarımızın işğaldan azad edilməsində mühüm rol oynamışdır.
Mərkəzin psixoloji ekspertiza bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Fariz Səyyadov Silahlı Qüvvələrimizin Qarabağ müharibəsi zamanı əsgər və zabitlərinin düşmən təxribatının qarşısının alınmasında göstərdikləri rəşadət və igidlikdən danışaraq, tarixi qələbə münasibətilə əsgər və zabit heyətini təbrik edib. Vətən müharibəsində qələbə əldə etməyimizin müasir silah-sursatla, yaxşı hazırlıqla, texniki üstünlüklə yanaşı hərbiçilərimizin psixoloji vəziyyətinin də böyük rol oynadığını qeyd edib. Döyüş fəaliyyətində ictimai motivlərin rolu haqda danışaraq məlumat verib ki, vətənin müdafiəsi üçün məsuliyyət, hərbi borc hissi, düşmənə nifrət, vətənə sədaqət, torpağa məhəbbət Azərbaycan hərbiçisinin əsas psixoloji üstünlüyü olmuşdur.
Mərkəzin ekspertiza bölməsinin eksperti III dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcov bildirib ki, döyüşçülərin fəaliyyətinin səmərəliliyi onun psixikasının, döyüş şəraitinin və tapşırığın yerinə yetirilməsinin tələblərinə uyğun şəkildə cərəyan etməsinə əsaslanır. Döyüş tapşırığının uğurlu həlli əqli, emossional, iradi, mənəvi keyfiyyətlərindən, döyüş ustalığından, o cümlədən psixikanın möhkəmliyindən asılıdır. Qeyd olunub ki, yeni hərbi texnika və müasir silahların istifadə olunması da hərbi heyətə stimul vermiş, qısa müddət ərzində hərbi sahədə uğur qazanmağımıza şərait yaratmışdır. Hərbiçilərin psixoloji hazırlığı konkret olaraq döyüş şəraitinin onların psixikasına və döyüş fəaliyyətinin xüsusiyyətlərinə təsirini nəzərdə tutur.
Sonda Mərkəzin ekspertləri bir daha əsgər və zabitlərimizi qələbə münasibətilə təbrik etmiş, onlara xidməti tapşırıqların yerinə yetirilməsində uğurlar arzulamışlar.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti