date saat
Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi zamanı qanunçuluğun təmin edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Şahbuz rayonunda bələdiyyə sədrləri və qulluqçuları üçün seminar təşkil edilmişdir.
Seminarı giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov açaraq bildirib ki, respublikamızda bələdiyyələrin inkişafı və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün zəruri şərait yaradılmış və yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə hərtərəfli köməklik göstərilir.
Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələbləri barəsində əsas məqamları nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr kənd təsərrüfatı təyinatlı torpaqların yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilməsinə məsuliyyətlə yanaşmalı, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə vəziyyətini və icarə şərtlərinə əməl olunmasını, qanun pozuntuları aşkar edildiyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsini daim nəzarətdə saxlamalı və əhaliyə bu sahədə öz səlahiyyətləri çərçivəsində köməklik göstərməlidirlər.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Yerqurluşu, torpaq ehtiyatlarından istifadə, geodeziya və xəritəçəkmə işləri sektorunun müdiri Oktay Məmmədov bələdiyyələrin mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması haqqında qanunvericiliyin tələbləri barədə məlumat verib. Bildirib ki, icarə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Torpaq üzərində icarə hüququ bu icarə müqaviləsini bağlayan tərəflərdən birinin müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Torpaq sahəsi icarəyə verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin planı əlavə edilir.
Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələbləri haqqında məlumat verib. Qeyd olunub ki, bələdiyyələr təsdiq olunmuş reqlamentə müvafiq sürətdə fəaliyyət göstərirlər. Qanunvericiliyin tələbinə əsasən bələdiyyələrin bütün iclasları protokollaşdırılmalı, tərtib olunan bələdiyyə aktları qanunvericiliyə uyğun hazırlanmalıdır.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. İştirakçılara “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədilə tədbirlərin görülməsinə dair metodik vəsait” , “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası”, “Metodik sənədlər toplusu” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” metodiki vəsaitlər təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti