date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasında qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində icra nümayəndələrinin maarifləndirilməsi məqsədilə təşkil etdikləri seminarları davam etdirir. İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə növbəti seminar Kəngərli rayonunun Qıvraq qəsəbə Mərkəzində keçirilmişdir.
Kəngərli Rayon İcra Hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidov seminarın əhəmiyyəti barədə məlumat verərək vurğulayıb ki, qanunvericiliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qeydiyyat şöbələri ilə yanaşı inzibati ərazi dairələri üzrə nümayəndəliklərin də səlahiyyətlərinə daxildir. Bu baxımdan qeydiyyat əməliyyatlarının həyata keçirilməsi zamanı məsul şəxslər qanunvericiliyin tələblərinə düzgün şəkildə əməl etməlidirlər.
Nazirliyin Notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfü İsmayılov çıxışında bildirib ki, qeydiyyat şöbəsində və icra hakimiyyəti nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Təlimata uyğun olaraq həyata keçirilir. Məsul şəxslər müvafiq əməliyyatları həyata keçirərkən kargüzarlıq qaydalarına əməl etməli, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsinə çalışmalıdırlar.
Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov qeyd edib ki, valideynlər yeni doğulmuş övladlarına doğum şəhadətnaməsi almaq üçün müraciət etdikləri zaman onlara seçdikləri adların mənasına diqqət etməli olduqları barədə ətraflı məlumat verilməlidir. Bu istiqamətdə yerli icra nümayəndələri geniş maarifləndirmə işləri aparmalı, ad seçimində çətinlik çəkən valideynlərə “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti”, eləcə də “Antroponimlər lüğəti”nə müraciət etmələri tövsiyə olunmalıdır. Digər tərəfdən isə vətəndaşlar Ədliyyə Nazirliyinin internet səhifəsinin “Azərbaycan adları barədə məlumat” elektron xidməti vasitəsilə adlarının mənşəyi, onların izahlı şərhi barədə məlumatlar əldə edə bilərlər.
Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva nikah əməliyyatlarının aparılması qaydaları haqqında qanunvericiliyin əsas məqamlarını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunmuşdur. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Nikahın bağlanması haqqında qeyd aparıldıqdan sonra nikah haqqında şəhadətnamə alan ər-arvadın hüquq və vəzifələri qeydiyyat şöbəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, verilən suallara aydınlıq gətirilmişdir. Seminar iştirakçılarına “İcra hakimiyyəti nümayəndəliklərinin apardığı qeydiyyat əməliyyatlarının əsas məqamları barədə” məlumat bukleti paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti