date saat
Sağlam insan sağlam cəmiyyətin əsasını təşkil edir. İnsanın zərərli vərdişlərə aludəçiliyi isə həm ailə, həm də cəmiyyət üçün təhlükəlidir. Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri də tütündür. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da, yenə də zərərli vərdişdən asılı olanlar var. Müxtəlif qadağalara və qanunvericilik aktlarına baxmayaraq, təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı heç də az deyil.
Ümumiyyətlə, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı bu kimi pis vərdişlərə aludə olmaması, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılması dövlətin əsas diqqət mərkəzindədir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və vətəndaşların maarifləndirilməsi sağlam cəmiyyətin formalaşdırılmasına təkan verir. Bu məqsədlə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən tütün məmulatına tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.) daxildir.
Qeyd edək ki, bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. Bu sahədə əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması əsas amil kimi çıxış edir. Son illər tütün məmulatları ilə mübarizə sahəsində bir sıra tədbirlər görülür. Demək olar ki, ictimai yerlərdə tütün çəkilməsi məhdudlaşdırılıb. Çünki tütün çəkənlərə nisbətən, çəkməyənlər tütünün yanma məhsulundakı toksiki maddələri tənəffüslə qəbul etdikdə daha çox zərər görürlər. Bu məqsədlə atılan mühüm addımlardan biri də ictimai yerlərdə tütün çəkilməsinin məhdudlaşdırılmasıdır. Belə ki, təhsil və tərbiyə müəssisələrində, kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, restoranlarda, kafelərdə, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, avtovağzallarda və avtobusların dayanacaq məntəqələrində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində və s. bu kimi ictimai yerlərdə tütündən istifadə qadağandır. Qanunda o da qeyd olunur ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri qeyd olunan yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.
Qanunvericiliyin tələbinə görə tütün məmulatının qutusu üzərində tütün çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq göstərilsə də istifadə edənlərin asıllığı hələ də qalmaqdadır.
Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi ilə də bağlı qanunvericilikdə məsuliyyət müəyyən olunub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş müəyyən yerlərdə tütün çəkməyə görə şəxs otuz manat məbləğində cərimə edilir. Müəssisələrdə, idarələrdə, təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizinin və görünən yerlərdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmçinin, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi yüz manat məbləğində cərimə edilir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Unudulmamalıdır ki, tütün məmulatlarından istifadə edilərkən qalığını hara gəldi atmaq ətraf mühiti çirkləndirən əsas amillərdəndir. Buna görə bu hal da qanunvericiliklə qadağan olunur. Belə ki, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulur.
Tütündən istifadə zərərli olsa da, dünya əhalisinin, cəmiyyətin qarşısını ala biləcəyi ölüm səbəblərindəndir. Təbii ki, insanların əksəriyyəti tütün çəkmir. Çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır. Onlar tütün çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Bu zərərli vərdiş, demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur və onunla mübarizə bütün dünyada aparılır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. İnsanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədi ilə bu tarixi gün hər il qeyd olunur. Müxtəlif ölkələrlə yanaşı, ölkəmizdə də bununla bağlı tədbirlər həyata keçirilir. Hesab edilir ki, zərərli vərdişlər sağlamlığa qəsddir. Ona görə də insanlar tütünün törətdiyi xəstəlikləri dərindən anlamalı, tüstüsüz sağlam həyat tərzinə üstünlük verməlidirlər. Asılılıqdan qurtulmağın yolu mümkündür. Problemin həll edilməsi üçün ilk növbədə insan tütündən asılı olduğunu qəbul etməlidir. Bu vərdişi tərgitmək insanın öz daxili aləmindən, iradəsindən asılıdır. Buna görə də, insanlar ondan nə qədər tez uzaqlaşsalar, bir o qədər qazanmış olarlar. Unutmamalıyıq ki, insanın təmiz, tərkibində zəhərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ tütün çəkənlərin ictimai yerlərdə siqaret çəkmək və bununla da digər insanların sağlamlığını təhlükədə qoymaq hüququndan qat-qat üstündür.
İradə Quliyeva
Ədliyyə Nazirliyinin əməkdaşı
26 noyabr 2020-ci ildə "nuhcixan.az" saytında dərc olunmuşdur