date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi muxtar respublikada fəaliyyət göstərən bələdiyyələrə metodoloji yardım göstərilməsi sahəsində tədbirlərini davam etdirir. Bu məqsədlə bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil edilir, onlara metodiki köməkliklər göstərilir və zəruri metodiki vəsaitlərlə təmin edilirlər. Bu sahədə görülən işlərin davamı olaraq növbəti tədbir Babək rayonu üzrə fəaliyyət göstərən bələdiyyələrdə keçirilmişdir.
Bələdiyyələrdə keçirilən tədbirlərdə nazirliyin Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları tərəfindən məlumat verilib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin mühüm hissəsini bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunması təşkil edir. Bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqların hüquqi və fiziki şəxslərin istifadəsinə verilməsi muxtar respublika əhalisinin kənd təsərrüfatı məhsullarına artan tələbatının ödənilməsində xüsusi rol oynayır. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir. Qeyd olunub ki, Ədliyyə Nazirliyi aidiyyəti qurumlarla birgə torpaqların icarəyə verilməsinin hüquqi tənzimlənməsini diqqətdə saxlayır.
Bələdiyyələrin fəaliyyəti nəticəsində yaranan sənədlər, o cümlədən torpaqların icarəyə verilməsi işinin təşkili nazirliyin əməkdaşları tərəfindən araşdırılıb, nəticələrdən asılı olaraq bələdiyyələrə əməli köməkliklər göstərilib və bələdiyyə sədrlərinə Ədliyyə Nazirliyi tərəfindən hazırlanan “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsinin xüsusiyyətlərinə dair” metodik vəsait təqdim edilib və onları maraqlandıran suallara aydınlıq gətirilibdir.
Bu dəfə ki, tədbirlərə nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələrdən ibarət “Ədliyyə könüllüləri” də dəvət edilmişlər. Onlar bələdiyyələr tərəfindən hazırlanan protokol və qərar layihələri ilə, bələdiyyə iclasının çağırılması, əhali ilə görüşün qaydaları, daxil olan sənədlərin, daşınmaz əmlakla bağlı müqavilələrin qeydə alınması və digər məsələlər barədə ətraflı məlumat əldə ediblər. Tələbələrin diqqətinə çatdırılmışdır ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla öz fəaliyyətini bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə uyğun həyata keçirirlər. Bələdiyyənin iclaslarında müzakirə olunmuş məsələlərə dair qərarlar qəbul edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati nəzarəti təmin etmək məqsədilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan beş iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərirlər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti