date saat
Ölkə həyatının bütün sahələrində mütərəqqi islahatların həyata keçirildiyi bir şəraitdə bələdiyyələr də öz fəaliyyətlərini təkmilləşdirir, qanunvericiliklə müəyyənləşdirilmiş gəlir mənbələrindən maksimum istifadə etməyə, maliyyə imkanlarını genişləndirməyə səy göstərir. Bu baxımdan bələdiyyə torpaqlarından yerli əhalinin ümumi mənafeyi üçün daha səmərəli istifadə edilməsi, xüsusilə əhəmiyyətlidir. Qeyd edək ki, ölkəmizdə bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı zəruri hüquqi baza yaradılıb. Adıçəkilən qurumun mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Həmin qanunun müddəaları torpaq icarəsi müqaviləsi əsasında, əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsinə imkan verir.
Qeyd edək ki, torpaqların icarəyə verilməsi bir sıra şərtlərə əməl edilməsini ehtiva edir. Tərəflər arasında bağlanan müqaviləyə əsasən icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadə olunmalı, ekoloji tarazlıq gözlənilməli və ətraf mühitin mühafizəsinə diqqət göstərilməli və digər zəruri şərtlərə əməl edilməlidir. İcarə müqaviləsində tərəflərin hüquq və vəzifələri, torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar, icarə müddəti, icarəhaqqı və digər məsələlər göstərilməlidir. Nəzərə almaq lazımdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulan torpaqlar bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqları sayılır. Bu kateqoriyalı torpaqlar yalnız kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilir. İstifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı bələdiyyə torpaqları olan hüquqi və fiziki şəxslər torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması üçün müvafiq tədbirlər görməyə borcludurlar.
Bu gün muxtar respublikamızda fəaliyyət göstərən bələdiyyələr öz torpağının sahibidir və həmin torpaqlardan gəlir götürmək, əkib-becərmək üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb. Aqrar sahədə həyata keçirilən islahatlar da bunun ifadəsidir. Həmin islahatlar kənd təsərrüfatının inkişafına, kəndlinin həyat şəraitinin yaxşılaşmasına səbəb olub. Bu məqsədlə də muxtar respublikamıza müasir kənd təsərrüfatı texnikaları gətirilərək istifadəyə verilir. Geniş həcmdə meliorasiya-irriqasiya tədbirləri həyata keçirilir. Torpaq mülkiyyətçilərinə subsidiyalar ödənilir, onlar güzəştli kreditlərlə təmin olunurlar. Şahbuz rayonunda yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilərkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Bu gün muxtar respublikaya kənardan ərzaq gətirilmirsə, insanlar, hətta ölkəmizdəki vəziyyətlə əlaqədar öz istehsal etdikləri məhsuldan ordumuza köməklik edirlərsə, bunların hamısı yaradılan şəraitin və zəhmətkeş insanların fədakarlığı nəticəsində mümkün olmuşdur. Hansı dövr və şəraitin olmasına baxmayaraq, kənd təsərrüfatı inkişaf etdirilməlidir, bu sahə daim dövlət qayğısı ilə əhatə olunmalıdır. Çünki kənd təsərrüfatının inkişafı ölkənin inkişafı deməkdir”.
Bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərindən biri kimi müəyyənləşdirilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən də bələdiyyə torpaqlarının icarəyə verilməsi sahəsində yerli özünüidarəetmə orqanlarına metodik köməklik məqsədilə mütəmadi olaraq müvafiq sənədlərin nümunələri hazırlanaraq göndərilir, aidiyyəti dövlət orqanları ilə birgə maarifləndirmə tədbirləri həyata keçirilir. Ərzaq bolluğunun yaradılması üçün bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin istifadə vəziyyəti aidiyyəti orqanlarla birlikdə mütəmadi olaraq təhlil edilir. Eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən bələdiyyə və yerli əhalinin mənafeyi naminə səmərəli istifadə olunması üçün yerlərdə monitorinqlər aparılır.
Bələdiyyə torpaqlarını icarəyə götürən hər bir şəxs müəyyən olunmuş qanunlara riayət etməyə borcludur.
Xəyal EYVAZOV
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə
iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən I dərəcəli ədliyyə qulluqçusu
26 noyabr 2020-ci il tarixdə "Şərq qapısı" qəzetində dərc edilmişdir