date saat

 

Noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin atəş zalında “Qarabağ uğrunda Qələbə“ devizi altında atıcılığın “tir” növü üzrə ədliyyə könüllüləri arasında birincilik yarışı keçirilmişdir. Yarışda nazirlikdə “Ədliyyə könüllüləri” proqramı istiqamətində qeydiyyata alınmış Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və beynəlxalq münasibətlər fakültəsinin hüquqşünaslıq ixtisasının IV kurs tələbələri iştirak etmişlər.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə keçirilən yarışı Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov açaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyəti və atıcılığın “tir” idman növü barədə ətraflı məlumat vermişdir. Qeyd olunub ki, ordumuzun şanlı qələbəsinin sevincinin yaşandığı bu günlərdə gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bugünkü tədbirin də məqsədi Qələbə sevincini  tələbələrlə  bölüşmək, gənclərə  vətənpərvərlik və milli fəxarət hissi aşılamaqdan ibarətdir. Eyni zamanda bu gün muxtar respublikamızda  atıcılıq üzrə idman növlərinin geniş təbliğ edilməsi gənc nəsildə hərbi-vətənpərvərlik ruhunun artırılması  baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra 10 tələbədən ibarət ədliyyə könüllüsünün iştirakı ilə yarışa start verilib. Gərgin idman mübarizəsi ilə yadda qalan birincilikdə qaliblər müəyyən olunmuş, I-III yeri tutan qaliblərə diplomlar təqdim olunmuşdur.

 

     Naxçıvan Muxtar Respublikası

   Ədliyyə Nazirliyinin mətbuat xidməti