date saat

 

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini və qanunçuluğun təmin edilməsi” mövzusunda növbəti seminar Şərur rayonunda keçirilmişdir. Rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrlərinin və qulluqçularının iştirakı ilə təşkil olunan seminarı giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti başçısının aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sahib Qurbanov açmışdır. Şöbə müdiri muxtar respublikanın digər rayonlarında olduğu kimi Şərur rayonunda da bələdiyyələrin fəaliyyəti üçün hərtərəfli şərait yaradılığını qeyd etmiş, bu sahəyə göstərilən dövlət qayğısı və bu günkü seminarın əhəmiyyəti barədə məlumat vermişdir.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən  I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələbləri” mövzusunda çıxış edib. Bildirib ki, bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərə icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. İcarə müqaviləsində tərəflərin hüquq və vəzifələri, torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar, icarə müddəti, icarə haqqı və digər məsələlər öz əksini tapmalıdır. Vurğulanıb ki, bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi məqsədilə bələdiyyələr mülkiyyətində olan torpaq sahələrinin istifadə vəziyyəti düzgün təhlil edilməli, icarəyə verilən torpaq sahələrinin icarə haqqı bazar məzənnəsi nəzərə alınmaqla tənzimlənməlidir.

“Bələdiyyələrin mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı” barədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Yerqurluşu, torpaq ehtiyatlarından istifadə, geodeziya və xəritəçəkmə işləri sektorunun müdiri Oktay Məmmədov isə qeyd edib ki, bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə qarşıya qoyulan mühüm vəzifələrdəndir. Ona görə də həmin torpaqlar yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir.

Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxışda vurğulayıb ki, bələdiyyələrin səlahiyyətlərinə aid olan məsələlərə dair qəbul etdikləri normativ xarakterli aktları qərar formasında  qəbul edilir. Normativ xarakterli aktlar müvafiq normativ hüququ aktlar əsasında qəbul edilməli və qanunun müvafiq normasına istinad edilməlidir.

Sonda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir. Seminar iştirakçılarına “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədilə tədbirlərin görülməsinə dair metodik vəsait”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası”, “Metodik sənədlər toplusu” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” metodiki vəsaitlər təqdim edilmişdir. 

 

       Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti