date saat

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı ilə əlaqədar Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təsdiq etdiyi 2020-2021-ci tədris ilinə dair tədbirlər planının icrası istiqamətində işlər həyata keçirir. Tədbirlər planına əsasən universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq və İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə IV kurs tələbələrinin cari ilin noyabr-dekabr ayları ərzində nazirlikdə təcrübə kursu keçməsi müəyyənləşdirilmişdir. Bu münasibətlə nazirlikdə tələbələrin və pedoqoji əməkdaşların iştirakı ilə tədbir keçirilmişdir.

Tədbiri Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri, universitetin müəllimi Səttar Zamanov giriş sözü ilə açaraq Sərəncamdan irəli gələn vəzifələr barədə məlumat vermiş, universitetlə nazirliyin əlaqələri, birgə keçirilən tədbirlərin əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, tələbələr təcrübə kursu ərzində nazirliyin aparatında və sisteminə daxil olan bütün qurumlarında və bələdiyyələrdə iş prosesində yaxından iştirak edəcəklər. Tələbələr onları maraqlandıran sahələr, informasiya sistemləri, kargüzarlıq sənədləri və texniki vasitələrlə əyani tanış olacaqlar. Bələdiyyə fəaliyyəti bağlı müvafiq bələdiyyələrdə olaraq, onların iş prosesi və bələdiyyə arxivi haqqında məlumat əldə edəcəklər.

Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı dosent Yusif Hüseynov və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Əşrəf Ələkbərov tədbirdə çıxış etmişlər. Qeyd etmişlər ki, təcrübə kurslarının əsas məqsədi tələbələrin ədliyyə sahəsi ilə yaxından tanış olması və iş prosesində əyani iştirak etməsidir. Bu da onlara gələcəkdə peşə seçimində mühüm köməklik göstərəcəkdir. Həmçinin qeyd edilmişdir ki, Sərəncamın icrası diqqətdə saxlanılmaqla hami təşkilat və universitetin tələbələri arasında mütəmadi olaraq görüşlər keçirilir. Keçirilən tədbirlərin əsas məqsədi tələbələrin bilik və bacarıqlarının daha da artırılmasına köməklik göstərməkdir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, “Ədliyyə könüllüləri” proqramı istiqamətində tələbələrlə birgə həyata keçirilən layihələr barədə də ətraflı məlumat verilmişdir. Vurğulanmışdır ki,  bu cür tədbirlərin keçirilməsi gələcəkdə tələbələrin ədliyyə sahəsi üzrə nəzəri biliklərinin praktiki şəkildə mənimsənilməsində müsbət təsirini göstərəcəkdir.

Tədbirdən sonra təcrübə kursuna start verilmişdir.

 

            Naxçıvan Muxtar Respublikası

        Ədliyyə Nazirliyinin mətbuat xidməti