date saat
Noyabrın 16-da Ordubad rayonunun Dəstə kənd Mərkəzində “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elçin Hüseynov acaraq tədbirin əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, seminar yerli icra nümayəndələrinin maarifləndirilməsi istiqamətində təşkil edilmişdir.
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri” barədə nazirliyin Notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfü İsmayılov məlumat verib. Bildirib ki, inzibati ərazi dairələri üzrə nümayəndəliklər səlahiyyətlərinə verilmiş, doğumun, ölümün və nikahın qeydiyyata alınması zamanı qanunvericiliyin tələblərinə əməl etməli, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilməlidir. Bu sahədə məsul şəxslər tərəfindən müvafiq sahə üzrə əməliyyatlar aparılarkən kargüzarlıq qaydalarına riayət edilməli və nöqsanlara yol verilməməlidir.
Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edib. Bildirib ki, ailə qanunvericiliyinə əsasən uşaqlara ad valideynlərin birgə razılığı əsasında verilir. Uşaqlara ad verilərkən adların mənalı və milli mənsubiyyətimizə uyğun olması vacib amildir. İcra nümayəndələri bu əməliyyatları apararkən adların düzgün yazılışına da diqqət etməli və yazılan adlar Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğun olmalıdır. Advermə ilə bağlı millilik amilinin nəzərə alınması üçün maarifləndirilmənin aparılması vacib şərtlərdəndir.
“Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” barədə Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva məlumat verib. Vurğulanıb ki, icra nümayəndəliklərinin məsul şəxsləri tərəfindən vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınarkən, kargüzarlıq işlərinin aparılması zamanı daha diqqətli olunmalı, vətəndaşlar tərəfindən şəxsən iştirak edilməli olan hallar tələb olunan zaman qanunvericiliyə əməl edilməli və ərizələrin şəxsən yazılması təmin edilməlidir.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, verilən suallara aydınlıq gətirilmişdir. İştirakçılara “İcra hakimiyyəti nümayəndəliklərinin apardığı qeydiyyat əməliyyatlarının əsas məqamları barədə” məlumat bukleti paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti