date saat

Ədliyyə Nazirliyinin əməkdaşları “Muzey günləri” çərçivəsində Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində olublar. Muzeyin bələdçisi muzey haqqında nazirliyin iştirakçılara ətraflı məlumat verib.

Bildirilib ki, muzey 21 iyul 1981 – ci ildə Azərbaycan hökumətinin  “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qərarı ilə yaradılmışdır. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi” adlandırılmışdır.

Muzeyin fondunda 9 mindən çox eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş “İblis” və 1934 – cü ildə çapdan çıxmış “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır.

Vurğulanıb ki, Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi “Knyaz” əsərinin əlyazması da bu muzeydə nümayiş etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl-cəvahirat əşyalarının əksəriyyəti də  Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak etmişdir.

Sonra nazirliyin əməkdaşları muzeyin ekspozisiyası ilə yaxından tanış olublar. “Matəm otağı” adlanan otaq qonaqların diqqətini xüsusilə cəlb edib. Burada Hüseyn Cavidin Sibirdə olan məzarının tapılmasını əks etdirən fotolar və divardakı taxçada şairin Sibirdəki qəbrindən götürülmüş torpaq nümayiş olunur.

Qeyd edək ki, Muzey eyni zamanda Hüseyn Cavid yaradıcılığının tədqiqi ilə də məşğul olur. Hüseyn Cavidin əsərlərinin səhnə və nəşr tarixlərini, onun adı ilə bağlı müəsissə və təşkilatları, yaşayış məntəqələrini əks etdirən kataloqlar tərtib edilmişdir. “Hüseyn Cavid və teatr”, “Hüseyn Cavid və Naxçıvan Teatrı”, “Hüseyn Cavidin dramaturgiyası”, “Hüseyn Cavidin həyat və yaradıcılığı” mövzularında səyyar sərgilər yaradılmış, muxtar respublikanın mədəni-maarif müəsissələrində, “Hüseyn Cavid və teatr” sərgisi isə Mins şəhərində nümayiş etdirilmişdir. Muzey əməkdaşları Hüseyn Cavidin yaradıcılığı haqqında mühazirələr oxuyur, ədəbi irsini təbliğ edirlər.

 

 

 

 

         Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti