date saat

Yanğın təhlükəsizliyi vətəndaşların həyat və sağlamlığının, mülkiyyət hüququnun qorunması, ətraf mühitin mühafizəsi kimi dövlətin qarşısında duran zəruri şərtlərdən biridir. Yanğının insanlara təsir edən bir sıra təhlükəli amilləri vardır. Bunlara, əsasən, açıq alov və qığılcımlar, ətraf mühitin və əşyaların yüksək temperaturu, zəhərləyici yanma maddələri, tüstü, oksigen çatışmazlığı və tikinti konstruksiyalarının, aqreqatların və qurğuların uçulub düşən hissələri, həmçinin partlayışlar daxildir.

Yanğın baş verdikdə ilkin zəruri tədbirlər təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng vurmaq, yanğından mühafizə hissəsinə xəbər vermək, yanğın yerinin düzgün ünvanını söyləməkdir. Hadisə baş verən zaman dərhal qonşuları xəbərdar etmək, insanların köçürülməsini həyata keçirmək lazımdır. Əgər elektrik naqilləri yanırsa, naqillər dərhal cərəyandan ayrılmalı, qoruyucular sayğacdan çıxarılmalı, bundan sonra əl altında olan vasitələrlə yanğının söndürülməsinə başlanılmalıdır. Bu zaman pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq, eləcə də başqa cür hava cərəyanı yaratmaq olmaz. Əgər yanğın otaqda yayılmağa başlayırsa, qonşu otaqların qapısını kip bağlamaq lazımdır ki, alov digər mənzillərə, pilləkənlərə yayılmasın. Tüstünün yayılmaması üçün qapının altını nəm əski ilə tutmaq vacibdir. Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazım­dır. Çoxmərtəbəli binalarda yanğın zamanı binanın damına da qalxmaq olar. Yanğın zamanı giriş qapısı alovla kəsilibsə, balkona çıxmağa cəhd göstərilməlidir. Yadda saxlamaq lazımdır ki, yanan mənzildə yanğınsöndürənlər, birinci növbədə, məhz balkon və pəncərələrə yaxınlaşırlar.

Mətbəxdə və balkonda baş verən yanğınlar daha irihəcmli olduğundan tezalışan əşyaları, müxtəlif əskiləri balkon və mətbəxdə saxlamaq təhlükəlidir. Təsadüfən balkona düşmüş siqaret kötüyü güclü yanğına səbəb ola bilər. Əgər mətbəxdə yağ alışıbsa (qazanda və ya tavada), qızdırıcı cihaz təxirə salınmadan söndürülməlidir. Alovu söndürmək üçün qapaq və ya nəm əski ilə onun ağzını örtmək, soyuyana qədər gözləmək lazımdır. Əks-halda yağ yenidən alovlana bilər. Balkonda əşyaları metal qablarda saxlamaq yanğın təhlükəsizliyi baxımından məqsədəmüvafiqdir. Adətən, yanğın zamanı insanların geyimlərinin yanması hallarına tez-tez rast gəlinir. Belə hal baş verdikdə, ilk növbədə, paltarı alışan adam qaçmamalıdır. Çünki qaçdıqda alov daha da şiddətlənir. Buna görə də yerə, döşəməyə uzanmaqla və yuvarlanmaqla, yanan yerləri döşəməyə və ya yerə sıxmaqla söndürməyə çalışmaq lazımdır. Bunu görənlər həmin şəxsi örtüklə, köhnə paltarla kip sarımağa çalışmalıdırlar. Paltar söndükdən sonra həmin zərərçəkən şəxs müalicə müəssisəsinə göndərilməli və ya təcili yardım çağırılmalıdır.
Məlumdur ki, yanma əmələ gəlməsi üçün yanar maddə, oksigen və maddənin müəyyən temperatura qədər qızması üçün istilik impulsu olmalıdır. Odur ki, yanmanı dayandırmaq üçün bu amillər arasındakı əlaqəni kəsmək lazımdır. Bu da müxtəlif vasitələrin tətbiq edilməsi ilə mümkündür. Bunun üçün məişətdə hər şeydən çox sudan, qumdan (torpaqdan), keçədən, köpükdən və xüsusi söndürücü tozlardan istifadə edilir. Tezalışan mayelər – kerosin, benzin yanarsa (köpüklü odsöndürənlər olmadıqda), mayenin üstünə torpaq və ya qum tullamaq lazımdır. Yanğını söndürmək üçün universal vasitə sudur. Su odun üstünə düşərək buxarlanır, yanar əşyanın istiliyinin çox hissəsini udur, bununla da yanma şəraitini pozur və ya zəiflədir. Lakin bəzi hallarda yanmanı ləğv etmək üçün sudan istifadə təhlükəlidir. Su elektrik cərəyanını keçirdiyindən gərginlik altında olan elektrik naqilləri, mühərriklər, başqa qurğu və cihazların yanarkən su ilə söndürülməsi yolverilməzdir. Döşəməyə və ya torpaq üzərinə az miqdarda dağılmış yanan mayeni söndürmək üçün ən sadə və asan vasitə qumdur. Qum istini udaraq yanan maddəni bir qədər soyudur və bununla birlikdə yanma üçün lazım olan oksigenin ora keçə bilməsini çətinləşdirir.
Yanğın zamanı təxliyə qaydalarını da bilmək vacibdir. Yanan mənzili tərk edərkən, ilk növbədə, ən vacib əşyaları özünüzlə götürün. Çıxarkən mənzildə ləngimək olmaz. Qısa müddətdə özünüz də istəmədən yanma maddələri ilə zəhərlənə bilərsiniz. Gedərkən giriş qapısını bərk örtün ki, havanın hərəkətinin qarşısı alınsın. Ümumiyyətlə, bütün yarıqları bağlayın. Krantı açın və suyu döşəməyə tökün. Ən əsası isə qazı bağlayın. Alovun pilləkənlərə tərəf yayılmaması üçün qapını su ilə isladın.
Yadda saxlamaq lazımdır ki, alovdan öncə tüstü insan həyatı üçün ən böyük təhlükədir. Yanmanın zəhərli maddələri arasında 50-dən 100 növə qədər kimyəvi birləşmələr var. Bunların içərisində insanların ölümünə ən çox karbon oksidi səbəb olur. O, oksigendən 200-300 dəfə daha aktiv olaraq qanda hemoqlobinlə reaksiyaya girir, oksigen aclığı, baş gicəllənməsi və tənəffüsün dayanmasına səbəb olmaqla, ölümə gətirib çıxarır. Yanğın zamanı zərərçəkən insanların böyük əksəriyyəti məhz tüstüdən zəhərlənmə nəticəsində həlak olur. Bu səbəbdən mənzillərin təmiri və quraşdırılması zamanı sintetik materiallardan çox istifadə etmək məsləhət görülmür. Onlar çox tez alışır, bu zaman acı tüstü yaranır və təxliyə vaxtını bir neçə dəqiqəyə qədər azaldır.
Hər kəs yanğının törədə biləcəyi faciənin qarşısını almaq üçün yanğın təhlükəsizliyi standartlarının, norma və qaydalarının zəruri tədbirlərinə əməl etməlidir.

 

     Asif MAHMUDOV

     Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

    Şərq qapısı qəzetinin 31 oktyabr 2020-ci il tarixli sayında dərc edilmişdir