date saat
Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası, məhkəmə qərarı əsasında borcların vaxtında qaytarılması, aliment öhdəliklərinin yerinə yetirilməsi sahəsində profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə icradan qəsdən yayınan borclularla növbəti profilaktik görüş Şahbuz rayonunda təşkil edilmişdir.
Nazirliyin əməkdaşları tərəfindən görüşdə iştirak edən borclulara “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri izah edilmişdir. Qeyd olunmuşdur ki, icra qanunvericiliyinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələbləri Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Bildirilmişdir ki, icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilirlər.
Sonra icra sənədi üzrə ödənişləri gecikdirən borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti