date saat

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən keçirilən tədbirlər davam etdirilir. Növbəti tədbir nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələri üçün təşkil edilmişdir.

Tədbiri universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Əşrəf Ələkbərov açaraq qeyd etmişdir ki, Sərəncamın icrası diqqətdə saxlanılmaqla hami təşkilat və universitetin tələbələri arasında mütəmadi olaraq görüşlər keçirilir. Keçirilən tədbirlərin əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması və təqdimatı sahəsindəki bilik və bacarıqlarının daha da artırılmasına köməklik göstərməkdir.

Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri, universitetin müəllimi Səttar Zamanov nazirliklə univeristet arasında yeni tədris ilində həyata keçiriləcək işlərin təsdiq edilmiş tədbirlər planı haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, ötən ildən başlayaraq tələbələr ədliyyə orqanlarında  “Ədliyyə könüllüləri” proqramı istiqamətində həyata keçirilən lahiyələrdə yaxından iştirak edirlər. Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələrin könüllü olaraq nazirliyin fəaliyyət istiqamətlərinə uyğun gördüyü işlərə cəlb edilməsi ilə yeni innovativ layihələrin üzə çıxarılmasına köməklik göstərilir. Sonra Səttar Zamanov tərəfindən slayd vasitəsilə tələbələr üçün nazirliyin müəyyən etdiyi istiqamətverici lahiyələr barədə geniş məlumat verilmişdir.

Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən  I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov Bələdiyyələrlə iş mərkəzinin fəaliyyət istiqmətləri barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, bu gün mərkəzdə bələdiyyə fəaliyyətinə inzibati nəzarət qaydasında daxil olan bələdiyyə aktlarının qanunvericiliyin tələblərinə uyğun olub–olmaması araşdırılır. Əməkdaşlarımız tərəfindən bələdiyyələrə metodiki köməkliklər göstərilir, onlara qanunvericiliyin tələbləri barədə tövsiyələr verilir. Keçiriən tədbirlərdə tələbələrin də iştirakı təmin edilir.  Onlar bələdiyyələrin sənədləri ilə tanış olur, gündəlik iş prosesində iştirak edirlər. Qeyd olunmalıdır ki, tələbələrin bu sahədə işlərin həyata keçirilməsinə cəlb olunması idarəetmə sahəsində innovativ layihələrin üzə çıxarılmasına hesablanmışdır.

Tədbirin sonunda müzakirələr aparılmış, tələbələrin sualları cavablandırılmışdır.

 

           Naxçıvan Muxtar Respublikası

      Ədliyyə Nazirliyinin mətbuat xidməti