date saat

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri  Naxçıvan Avtovağzal Kompleksi MMC-də  ictimai nəqliyyat sürücüləri üçün “İctimai nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirlərinin praktikası” mövzusunda seminar təşkil etmişdir. Seminarda ekspertlər sürücülərin maariflənməsinə yönəlik mövzularda çıxışlar etmişlər.

Mərkəzin yol-nəqliyyat hadisələri ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov seminarı giriş sözü ilə açaraq nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsinin əhəmiyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, mövsümlə əlaqədar yağışlı havalarda yol səthinin sürüşkən olması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Sürücülər tərəfindən avtomobilin sürəti yol şəraitinə uyğun seçilməlidir ki, hər hansı səbəbdən avtomobilin tormozlanması zamanı onun idarə olunmaz vəziyyətə düşməsi və dayanıqlığının pozulması halı baş verməsin.

Yol-nəqliyyat hadisələrinin ekspertizası bölməsinin eksperti I dərəcəli ədliyyə qulluqçusu Azər AbdullayevNəqliyyat vasitələrinin payız-qış mövsümündə istismar qaydaları haqqında” əsas məqamları iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, şaxtalı havalarda lazım olmadıqca sərt eniş və ya yoxuşlarda durmaq məcburiyyəti olmadıqca əl tormozundan istifadəni məhdudlaşdırmaq daha məqsədə uyğundur. Belə ki, enişli sürüşkən yollarda kəskin tormozlama edərkən nəqliyyat vasitəsi sürüşür və idarə olunmaz vəziyyətə düşür. Odur ki, nəqliyyat vasitəsi ilə yoxuş qalxarkən sürətlər qutusunun ötürücüləri vaxtında və təhlükəsizlik təmin edilərək dəyişilməlidir.

Mərkəzin psixoloji ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Fariz Səyyadov “Sürücü və sərnişin münasibətlərinin psixoloji aspektləri” mövzusunda çıxışında bildirib ki, hərəkət zamanı digər sürücülərin manevr qaydalarını pozması, piyadaların yol hərəkəti qaydalarına riayət etməməsi sürücülərdə psixoloji gərginliyin əsas səbəblərindən biridir. Sürücü hərəkətdə olarkən sürətin hərəkət intensivliyinin artmasını nəzərə alaraq öz hərəkətlərində daim artan zehni stresi azaltmağa xüsusi diqqət yetirməlidir.

Mühəndis-texniki ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Asif Mahmudov qeyd edib ki, yanğın təhlükəsizliyi tələblərinin normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək hər birimiz üçün vacibdir. Sərnişin daşıyan nəqliyyat vasitələrində yanğın zamanı ilk növbədə sərnişinlərin təxliyyəsi üçün şərait yaradılmalı və yanğın söndürüməlidir. Qanunvericiliyə uyğun olaraq sürücülər öz avtomobillərində həcmindən və sinifindən asılı olmayaraq avtomobil üçün nəzərdə tutulan və standarta  uyğun olmaqla istifadəyə yararlı olan odsöndürən saxlamalıdırlar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

          Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyınin mətbuat xidməti