date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Gənclər Fondunun birgə təşəbbüsü ilə keçirilən “Məhkəmə simulyasiyası” layihəsinin birinci mərhələsinin yekunu keçirilmişdir. Bu layihənin iştirakçıları olan Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri üçün dörd təlim təşkil edilmişdir. Təlim Gənclər Mərkəzində və Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilmişdir.
Nazirliyin, Gənclər Fondunun və Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının iştirak ilə keçirilən təlimlərdə tələbələrə iddia ərizəsi, etiraz, vəsatət verilməsi qərardad, qətnamə və məhkəmənin digər yekun qərarlarının layihələrinin hazırlanması izah edilmiş, onların bu qərarların layihələrinin hazırlanmasında iştirakları təmin edilmişdir. Həmçinin tələbələr təlimlərdə seçilən mövzular ətrafında məhkəmə prosesində tərəf kimi iştirak etmişlər.
Layihənin yekunu olaraq Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin məhkəmə zalında 2 qrupla bu istiqamətdə məhkəmə prosesi təşkil olunmuşdur. Məhkəmə simulyasiyası qanunla müəyyən edilmiş bütün prinsiplər nəzərə alınmaqla, xüsusən çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipləri əsasında keçirilib və sonda məhkəmə ittiham hökmünü elan edib. Proses zamanı hər iki qrup fəallıq göstərmiş, hüquqi biliklərini yüksək səviyyədə nümayiş etdirmişlər.
Layihə tələbələr tərəfindən maraqla qarşılanmış, onların praktiki biliklərə yiyələnmələrinə və bu sahə üzrə peşə bacarıqlarının əldə olunmasına müsbət təsir etmişdir.
Sonda layihədə fəal iştirak edən tələbələrə təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir. Layihənin gələcəkdə digər tələbə qrupları ilə də keçirilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti