date saat

“Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti seminar Şərur rayonunda keçirilmişdir. İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarı Şərur Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Nuran Əzizov açaraq tədbirin əhəmiyyəti barədə məlumat vermişdir. Seminar iştirakçılarına ayrı-ayrı qeydiyyat əməliyyatlarının aparılmasında, eləcə də vətəndaşların yeni doğulmuş uşaqlarına ad seçimində  qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilmişdir.

Nazirliyin Notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfü İsmayılov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edərək bildirib ki, müvafiq sahə üzrə əməliyyatlar aparılarkən məsul şəxslər tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməsi və əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. İnzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməli, nöqsanlara yol verilməməlidir.

“Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri” barədə Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxış edərək qeyd edib ki, valideynlər övladlarına ad seçərkən mənasına diqqət etməlidirlər. Ad seçimində çətinlik çəkən valideynlər “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti”, eləcə də “Antroponimlər lüğəti”nə müraciət edə bilərlər. Bu çətinlikləri asanlaşdırmaq və aradan qaldırmaq məqsədilə vətəndaşlar Ədliyyə Nazirliyinin internet səhifəsinin “Azərbaycan adları barədə məlumat” elektron xidməti vasitəsilə adlarının mənşəyi, onların izahlı şərhi barədə məlumatlar əldə edə bilərlər.

Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva “Nikah əməliyyatlarının aparılması qaydaları haqqında” mövzusunda çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, onların nikah yaşına çatmaları və tibbi müayinədən keçmələri vacibdir. Nikahın bağlanması haqqında qanunvericiliyin tələbləri yerinə yetirildikdən sonra tərəflərə nikah haqqında şəhadətnamə verilir. Ər-arvadın hüquq və vəzifələri  nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

Seminarda mövzu ətrafında müzakirələr aparılmış, verilən suallara aydınlıq gətirilmişdir. İştirakçılara “İcra hakimiyyəti nümayəndəliklərinin apardığı qeydiyyat əməliyyatlarının əsas məqamları barədə” məlumat bukleti paylanılmışdır.

 

                Naxçıvan Muxtar Respublikası

            Ədliyyə Nazirliyinin mətbuat xidməti