date saat
Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası nəzarətdə saxlanılır. Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə nazirlik tərəfindən muxtar respublikanın şəhər və rayonlarında ardıcıl olaraq icradan yayınan borclularla görüşlər təşkil edilir. Qanunvericilikdən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə növbəti görüş Sədərək rayonunda icradan yayınan borcluların iştirakı ilə keçirilmişdir.
Görüş zamanı Ədliyyə Nazirliyinin aidiyyəti şöbə və bölmələrinin əməkdaşları rayon icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat vermiş, qanunvericiliyin tələblərini izah etmişlər.
Bildirilmişdir ki, icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilirlər.
Sonra aliment və pul tələbi ilə bağlı ödənişləri gecikdirən borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti