date saat

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə tələbələrin hüquqi biliklərinin təkmilləşdirilməsinə həsr olunmuş “Məhkəmə simulyasiyası” layihəsi hazırlanmışdır.

Oktyabrın 14-də isə “Məhkəmə simulyasiyası” layihəsi üzrə təlimlərin keçirilməsinə start verilmişdir. Layihənin məqsədi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olaraq Ədliyyə Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşunaslıq ixtisası üzrə tələbələrin məhkəmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların bu sahədə nəzəri biliklərinin ortaya çıxarılmasına və gələcək üçün daha potensiallı kadrların yetişdirilməsinə yönəlmişdir. Layihə bir neçə tələbə qrupları tərəfindən hazırlanan məhkəmə proseslərinin canlandırılması, tələbələrin müəyyən bir proses iştirakçısı qismində öz bilik və bacarıqlarının nümayiş etdirilməsindən ibarətdir. Tələbələr iddiaçı və cavabdeh (və yaxud ittiham tərəfi və müdafiəçi) kimi iştirak edib hər hansı bir mülki və yaxud cinayət prosesində nəzərdə tutulan mövzular üzrə çəkişmə prosesi aparacaqlar. Həmçinin layihədə tələbələrə iddia ərizəsinin, ittiham aktının, məhkəmənin hökm və qətnaməsinin hazırlanma prosesinin izah olunması, onlar tərəfindən bu qərarların hazırlanıb qiymətləndirilməsi kimi fəaliyyətlər nəzərdə tutulmuşdur.

Layihə üzrə təlimlər iki mərhələdən ibarət olacaqdır. Hüquqi biliklərin təkmilləşdirilməsi və simulyasiya mərhələsi. Hüquqi bilikləri təlim mərhələsindən təkmilləşdirildikdən sonra gənc tələbələr seçilmiş mövzu ətrafında məhkəmə prosesini keçirə biləcəklər.

Lahiyə üzrə nəzərdə tutulan təlimlər davam etdiriləcəkdir.

 

       Naxçıvan Muxtar Respublikası 

     Ədliyyə Nazirliyinin mətbuat xidməti