date saat

Tarix yenilənir, 30 ildir həsrətində olduğumuz torpaqların azad olunması ərəfəsindəyik. Bugünlərdə minlərlə azərbaycanlının qələbə əzmi ilə qoşulduğu Milli Ordunun Qarabağda müzəffər yürüşünü böyük qürurla izləyirik. Qara hərflərlə yazılan işğal tariximiz indi doğma torpaqların azad olunması ilə qırmızı hərflərlə tarixə düşür. Hər birimiz bu şanlı tarixin yazıldığı zaman kəsiyində doğulduğumuz, yaşadığımız üçün sevinməliyik. Qələbə hər ildə, onillikdə, yüzillikdə olmur. İşğal olunmuş torpaqlarımızın hər qarışı azad olunanda böyük fəxr hissi keçiririk. Çünki Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Bu münaqişənin həlli, işğal olunmuş torpaqların azad olunması qarşısıda duran əsas məqsədimizdir. Öz vətənpərvərlik borcunu qətiyyətlə, böyük əzmlə yerinə yetirən Azərbaycan əsgəri bu məqsədə böyük inamla irəliləyir. Şanlı Azərbaycan ordusunun mərdliklə, böyük Vətən eşqi ilə döyüşlərə atıldığı bu günlər bizi həm də 2016-cı ilin Aprel döyüşlərinə aparır, böyük ZƏFƏRİN başlanğıcına. Məlumdur ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Bir neçə kənd və yüksəkliklər düşməndən azad edildi. Bu döyüşlər bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Azad olunan mövqelər isə Azərbaycan Ordusunu indi daha da İRƏLİyə aparır.

Qəhrəmanlıq bizə tariximizin dərinliklərinə uzanan qatlardan gəlir. Unutmamalıyıq ki, qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlikdir. Neçə-neçə igidlərin, qəhrəmanların şəxsi nümunəsi Azərbaycan xalqının qəhrəman xalq olduğunu bir daha sübut edir. Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qoruyan, canını, qanını  fəda edən qəhrəmanlar yetişdirib. Bu qəhrəmanların ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Onlardan biri də  Aprel döyüşlərində qəhrəmanlıq və mərdlik izi qoyan, Vətən sevgisi ilə ölməzlik qazanan  şəhid Qabil Orucəliyevdir. Heç kim anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, malik olduğu xarakter və ən əsası mənsub olduğu xalqın ruhu yetişdirir. Qabil Orucəliyev də Qarabağ müharibəsi ilə həmyaşıd idi. Ağlı kəsəndən, dili söz tutandan “Vətən anadır” kəlməsini eşidə-eşidə böyümüşdür. “Vətən mənim yumruğumdur”,- deyən Qabilin hərbçi olmaq isə uşaqlıq arzusu idi. Onun daxilində olan Vətən sevgisi ona bu yolu seçməyə məcbur etdi. Bir çoxları kimi Qabilin də qəhrəmanlıq yolu Heydər Əliyev adına Hərbi Liseydən başladı. Bu gün vətənpərvər, dövlətinə, xalqına sədaqətli gənclər yetişdirməkdə və Silahlı Qüvvələrin zabit korpusunun formalaşmasında bu liseyin öz payı vardır. Çünki Naxçıvan qədim hərb sənəti ənənələrinə malik olan böyük şücaətlər göstərən generallar, hərbi xadimlər yetişdirib. Onların keçdiyi yol isə gənclik üçün əsl vətənpərvərlik nümunəsidir. Məlumdur ki, Vətənimiz də neçə ildir ki, müharibə şəraitindədir. Bu illər ərzində Vətənə canını fəda edən neçə-neçə Vətən oğulları vardır. Ömrünü xalqına bağışlayan, müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu millətin, Vətənin azadlığı uğrunda onların hər birinin bir can payı vardır. Qəhrəman Qabil Orucəliyev də bunlardan biri idi. O, sevdiyi peşənin çətinliyini, məsuliyyətini dərk edir və öhdəsindən layiqincə gəlirdi. Vətəninin qaynar nöqtələrində düşmənlə üz-üzə dayanır, ölümün gözünə həmişə dik baxırdı. Əsgərlərinə də bu ruhu aşılayırdı, onların səngərdə mərd, mətin dayanmasını istəyirdi. Qabil Tərtər istiqaməti uğrunda gedən döyüşlərdə mərdliklə vuruşdu. Vətənə olan sevgi və sədaqətini canından üstün tutaraq, düşmən həmləsini dəf edərkən şəhid oldu. Nə yaşının azlığı, nə də həyatın şirinliyi onu yolundan döndərə bildi. Deyirlər, qəhrəmanlar yaşamaq üçün şəhid olurlar. Qabil bu yaşamı, ölməzliyi qazananlardandır. Vətənə olan sevgisi, düşmənə olan nifrəti onu bu zirvəyə ucaltdı. O, yaxşı bilirdi ki, Vətən qəhrəmanların çiynində yüksəlir. Buna görə də  meydanda özünü sınağa çəkdi, zabit şərəfini uca tutdu, Vətənə sadiq oldu, Şəhid adı qazanaraq adı qarşısında qanla yazılmış uca bir ad qazandı. Çünki şəhidlik və ölməzlik biri digəri olmadan təsəvvür edilmir.

Yusif, Qabil, Raqib və onlar kimi şəhidlər bu vətənin polad körpüləridir, sınmayan, əyilməyən və Vətənin bütövlüyü qədər ağır bir yükü çiyinlərində mərdliklə daşıyan qəhrəmanlıq körpüsü. O körpü ki, hələ neçə-neçə nəsillər keçəcək. İnanırıq ki, gənclik də, gələcək nəsillər də bu cür qəhrəmanların qoyduğu mərdlik izini heç vaxt itirməyəcək. Onların mərd və qəhrəman ruhuna qaldırılan üçrəngli ay-ulduzlu bayrağı Vətən övladları vuruşduqları döyüş meydanlarına mərdliklə sancır. Axı şərait qəhrəmanları yaradır, qəhrəmanlar isə tarixi. Bugünkü gün qəhrəmanların adlarının sırası genişlənir, şanlı tariximizin yeni səhifələri yazılır. Deyirlər, müharibənin yaxşısı yoxdur. Haqlısı, haqsızı var. Qərarlı və ümidli olmaq, ən əsası haqlı olmaq Azərbaycan əsgərini Qələbəyə aparan ən mühüm amildir. Əminik ki, bu müqəddəs amal uğrunda gedən böyük Vətən savaşı xalqımızın qələbəsi ilə bitəcək, yeni qüdrətli və bütöv bir Azərbaycan doğulacaq. Xain düşmənin ayağı yurd yerlərimizdən kəsiləcək, canını, qanını o torpağa fəda edən şəhidlərin qəhrəman ruhlarının hakim olduğu səmalarda üçrəngli bayrağımız qürurla dalğalanacaq, barıt qoxulu o yerlərdə xarı bülbüllər bitəcək

 

     Ədliyyə Nazirliyinin əməkdaşı

     İradə Quliyeva