date saat

Tariximizin, mədəniyyətimizin təbliğ olunmasında, insanların maarifləndirilməsində muzeylər əvəzsiz rol oynayır. Maddi-mənəvi xəzinə sayılan muzeylər muxtar respublikamızda daim diqqət və qayğı ilə əhatə olunmuşdur. “Muzey günləri” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Ədliyyə Nazirliyinin kollektivi növbəti dəfə Naxçıvan Dövlət Tarix Muzeyində olmuşdur.

Qeyd edək ki, Naxçıvan Dövlət Tarix Muzeyi 1924-cü ildə təşkil olunmuşdur. Muzeyə 1968-ci ildə dövlət statusu verilmişdir. Naxçıvan Dövlət Tarix Muzeyinin uğurlu fəaliyyəti isə 1969-cu ildən, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir. Həmin dövrdən muzeyin inkişafı və onun nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycan muzeyləri, o cümlədən Naxçıvan Dövlət Tarix Muzeyi nəinki mədəni xidmət ocaqları, həm də elmi-tədqiqat bazaları kimi fəaliyyət göstərməyə başlayır, onların əlaqələri genişləndirilir, muzeyin ekspazisiyası zənginləşdirilir.  

Bələdçi muzey haqqında ziyarətçilərə ətraflı məlumat verərək bildirib ki, muzeyin ekspozisiyası qədim dövrdən başlayaraq müasir dövrün tarixini özündə ehtiva edən eksponatlarla zəngindir. Ekspozisiya, əsasən, 4 – qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir. Muzeydə hazırda on şöbəni əhatə edən Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır ki, bundan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.

Muzey haqqında ilkin məlumat verildikdən sonra bələdçinin müşayiəti ilə kollektiv Naxçıvan Dövlət Tarix Muzeyinin ekspazisiyası ilə yaxından tanış olub. Tanışlıq zamanı bələdçi ekspazisiyda nümayiş olunan ekspanatlar haqqında məlumat vermiş, ziyarətçiləri maraqlandıran sualları cavablandırmışdır.

Ekspozisiya zallarından biri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla zənginləşdirilib. Ekzpasiyada Naxçıvan ərazisində aşkar edilən daş və tunc dövrünün abidələri, Naxçıvanın təkrarsız mədəniyyətinə daxil olan boyalı qablar mədəniyyəti, Kür-Araz mədəniyyətinə aid olan gil parçaları, monoxrom və polixrom boyalı küplər nümayiş olunur. Memar Əcəmi Əbubəkroglunun yaradıcılığına məxsus memarlıq nümunələri, Qarabağlar türbəsinin maketi, həmçinin Zaviyyə mədrəsəsi,  Qazançı, Aza körpüləri, XVIII-XIX əsrlərə aid memarlıq kompleksi olan Xan Sarayı, XVI-XVII əsrlərə aid olan İmamzadə kompleksi, Cümə məscidi, Naxçıvan buzxanası, Hüseyn Cavidin məqbərəsi, İsmayılxan hamamı haqqında yer alan foto və məlumatlar da ekspazisiyada öz əksini tapmışdır. Muzeydə nümayiş etdirilən eksponatlar vasitəsilə qüdrətli Atabəylər dövləti, həmçinin Qaraqoyunlu və Ağqoyunlu dövlətləri və XVIII əsrdə Azərbaycan dövlətiçiliynə mühüm töhfələr vermiş Naxçıvan xanlığı haqqında geniş bilgilər əldə etmək mümkündür.

Muzey maarifçiliyin, elmin, təhsilin, incəsənətin inkişafına mühüm töhfələr vermiş ədəbiyyatımızın görkəmli şəxsiyyətləri barədə məlumatları da özündə hifz edir. Azərbaycan Xalq Cumhuriyyətinin dövlətçilik tarixində əhəmiyyətli məqamları da muzeydə əksini tapıb. Sədərək döyüşləri, 20 Yanvar faciəsi və Xocalı soyqırımı haqqında məlumatlar, fotolar və çap məhsullarında təqdim olunmaqla tarixi yaddaşımızı yeniləyir.

Nazirliyin kollektivi yaxşı təəssüratla muzeydən ayrılmışlar.

 

        Naxçıvan Muxtar Respublikası

    Ədliyyə Nazirliyinin mətbuat xidməti