date saat

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Bu məqsədlə ötən müddətdə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələri ilə müxtəlif formatlı tədbirlər təşkil edilmişdir.

Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə ikinci kurs tələbələri üçün növbəti tədbir təşkil olunmuşdur. Tədbiri universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı dosent Yusif Hüseynov açaraq bu sərəncamın əhəmiyyəti, eləcə də hamiliyə verilən tələbələrlə keçirilən tədbirlərin onlar üzərində müsbət təsiri və əldə etdikləri təcrübə barədə geniş məlumat vermişdir.

Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri, universitetin müəllimi Səttar Zamanov slayd vasitəsilə hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün nazirliyin müəyyən etdiyi istiqamətverici lahiyələr barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, ötən müddətdə nazirliklə univeristet arasında təsdiq edilmiş tədbirlər planına əsasən “Ədliyyə könüllüləri” proqramı istiqamətində innovativ ideyaların dəstəklənməsi məqsədilə tələbələrlə birgə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun yönləndirici layihələr həyata keçirilib. Ədliyyə sahəsində müxtəlif fəaliyyət istiqamətlərinə uyğun yönləndirici layihələri hazırlayıb həyata keçirməsi, tələbələrə təcrübə əhəmiyyətli dərslərin keçirilməsinin təmin edilməsi, onların bu sahələri dərindən mənimsəməsinə imkan yaradır. Eyni zamanda tələbələrin nazirlikdə və tabe qurumlarda gündəlik iş prosesinə cəlb edilməsi onların gələcəkdə praktiki iş vərdişlərinə adaptasiya olunmasına mühüm köməklik göstərir.

Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxışında nazirliyin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri barədə ətraflı məlumat vermişdir. Vurğulamışdır ki,  tələbələr ədliyyə fəaliyyəti ilə bağlı prinsiplərin mahiyyətini mənimsəməklə müxtəlif innovativ ideyaları özündə əks etdirən startap layihələri irəli sürə bilərlər. Bunun üçün də həyata keçirilən tədbirlərdə və praktiki məşğələlərdə  gənc tələbələr fəal iştirak etməlidirlər.

Tədbirin sonunda müzakirələr aparılmış, tələbələrin sualları cavablandırılmışdır.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti