date saat

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti seminar Şahbuz rayonunda təşkil edilmişdir. İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov açaraq seminarın keçirilməsinin əsas məqsədini diqqətə çatdırıb.

Notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfü İsmayılov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edərək bildirib ki, bu sahədə aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi əsas vəzifələrimizdəndir. Əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi və aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi qarşıya qoyulan əsas tələbdir. İcra nümayəndələri də öz növbəsində səlahiyyətlərinə aid olan doğumun, ölümün, nikahın qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə əməl etməli, kargüzarlıq qaydaları qorunmalıdır.

Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri”  ilə bağlı əsas məqamları diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində göstərilir ki, uşaqlara ad valideynlərin birgə razılığı əsasında verilir. Ad seçilərkən uşağın gələcəyi, mənafeyi nəzərə alınmalıdır. Bu sahədə maarifləndirilmənin aparılması vacib şərtlərdəndir.İcra nümayəndələri əməliyyatları apararkən adların düzgün yazılışına da diqqət etməli və yazılan adlar Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğun olmalıdır.

“Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” barədə Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva isə vurğulayıb ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının  müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır. İcra nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınarkən yol verilən nöqsanları da diqqətə çatdıraraq bildirib ki, kargüzarlıq işlərinin aparılması zamanı daha diqqətli olunmalı, vətəndaşlar tərəfindən şəxsən iştirak edilməli olan hallar tələb olunan zaman qanunvericiliyə əməl edilməli və ərizələrin şəxsən yazılması təmin edilməlidir.

Sonda seminar iştirakçılarına “İcra hakimiyyəti nümayəndəliklərinin apardığı qeydiyyat əməliyyatlarının əsas məqamları barədə” məlumat bukletləri paylanılmışdır.

 

            Naxçıvan Muxtar Respublikası

       Ədliyyə Nazirliyinin mətbuat xidməti