date saat
Qanunvericiliyin tələbləri əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti təşkil edir və onlara metodoloji yardım göstərilməsi sahəsində tədbirləri davam etdirir. Bu məqsədlə bələdiyyə orqanlarına metodiki köməklik göstərilir, bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilir, eləcə də onlar zəruri metodiki vəsaitlərlə təmin olunurlar. Bu sahədə görülən işlərin davamı olaraq növbəti tədbir Culfa rayonunda həyata keçirilmişdir. Rayon üzrə fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirilmiş və görülən işlər barədə onlara hüquqları izah edilmiş, lazimi metodiki tövsiyələr verilmişdir. Eyni zamanda bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədi ilə tədbirlərin görülməsinə dair”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” adlı metodiki vəsaitlər təqdim edilmişdir.
Bu dəfə ki, tədbirdə eyni zamanda “Ədliyyə könülləri”nin də iştirakı təmin olunmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələri də metodiki köməkliyin göstərilməsi prosesində yaxından iştirak etmişlər. Tələbələr bələdiyyə sənədlərinə baxış keçirmiş, bələdiyyələrin iş fəaliyyəti ilə yerində tanış olmuşlar. Onlar bələdiyyələr tərəfindən hazırlanan protokol və qərar layihələri ilə, bələdiyyə iclasının çağırılması qaydası, əhali ilə görüşün qaydaları, daxil olan sənədlərin qeydə alınması, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi, icarə müqavilələrinin tərtibi, qeydə alınması və digər məsələlər barədə ətraflı məlumatlandırılıblar.
Tələbələrin diqqətinə çatdırılmışdır ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla öz fəaliyyətini bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə uyğun həyata keçirirlər. Bələdiyyənin iclaslarında müzakirə olunmuş məsələlərə dair qərarlar qəbul edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati nəzarəti təmin etmək məqsədilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan beş iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərirlər.
Tədbirdə tələblərin iştirakı ilə geniş müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti