date saat


Nazirliyin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə sosial məsafə qaydaları gözlənilməklə, nizam-intizam qaydalarının möhkəmləndirilməsi, etik davranış qaydalarına əməl olunması və icra və əmək intizamına riayət edilməsi ilə əlaqədar tədris saatı təşkil edilmişdir.

Tədris saatı zamanı nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri Səttar Zamanov mövzu ilə əlaqədar əsas məqamları iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, ədliyyə işçisi Azərbaycan Respublikasının, ədliyyə orqanlarının və bu orqanlarda qulluğun nüfuzunu möhkəmləndirməyə, ədliyyə işçisi adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Ədliyyə işçisi etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Ədliyyə işçisi öz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, ixtisasını artırmalı, rəhbər işçilər həmçinin, qulluq vəzifələrini yerinə yetirərək işçilərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidir. Qanunvericiliklə nəzərdə tutulan davranışların yerinə yetirilməsi müntəzəm olaraq nazirlik tərəfindən təhlil edilir və əməkdaşların xidməti və xidmətdən kənar davranışları qiymətləndirilir.

Kadrlar bölməsinin rəisi ədliyyə müşaviri Niyaməddin Əliyev bu sahədə mövcud qanunvericiliyin tələblərini diqqətə çatdırmışdır. Bildirilib ki, icra işi ilə bağlı tərəflər və ya onların qohumları (yaxınları) ilə xidmətdənkənar münasibətlər qurmamalı, aralarında münaqişə olan tərəflərin münasibətlərinin kəskinləşməsinə şərait yaratmamalıdır. İcra məmurları zərurət olduqda, ayrı-ayrı icra hərəkətlərini həyata keçirərkən həmin şəxslərin bir-biri ilə təmasda olmamaları üçün tədbirlər görməlidir. İcra hərəkətlərini həyata keçirərkən iş üzrə tərəflərin, eləcə də cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin şərəf və ləyaqətini alçalda biləcək hərəkətlərə yol verməməlidir. Niyaməddin Əliyev üzərlərinə qoyulan vəzifə və tələblərin yerinə yetirilməməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb ola biləcəyini iştirakçıların nəzərinə çatdırdı.

Sonra mövzuyla əlaqədar müzakirə və təhlillər aparılmış, verilən suallar cavablandırılmışdır.  

 

 

          Naxçıvan Muxtar Respublikası

      Ədliyyə Nazirliynin mətbuat xidməti