date saat
Sentyabrın 25-də Ədliyyə Nazirliyinin aidiyyəti şöbə və bölmələrinin əməkdaşları icra orqanlarının fəaliyyətinə köməklik göstərilməsi və icradan yayınan borclular barədə profilaktik tədbirlərin görülməsi məqsədilə Şərur rayonunda olublar.
Görüş zamanı rayon icra və probasiya şöbəsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir.
Borcluların diqqətinə çatdırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunur.
Bildirilmişdir ki, icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilirlər.
Qeyd edək ki, nazirliyin əməkdaşları mütəmadi olaraq icrası çətinlik törədən işlərin həyata keçirilməsində yerli qurumlara köməklik göstərir. Xüsusən də icrası uzun müddət davam edən aliment, pul tələbi işlərinin icrasında yaxından iştirak edirlər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti