date saat
Sentyabrın 24-də Culfa rayon Əbrəqunus kənd mərkəzində “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda seminar keçirilmişdir. İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən tədbiri Culfa Rayon İcra Hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mehdi Paşayev açaraq seminarın mövzusunu elan etmişdir. Seminarda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, nikah əməliyyatları, ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə çıxışlar olmuşdur.
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri” mövzusunda Qeydiyyat və notariat şöbəsinin Notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfi İsmayılov çıxış etmişdir. Bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Yerli icra nümayəndəliklərinin vəzifəli şəxsləri doğumun, ölümün, nikahın qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə əməl etməli, kargüzarlıq qaydaları qorunmalıdır.
Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Respublikamızda insanlara verilən adlar da daima inkişafdadır. Yeni adların verilməsi şəxs adlarını daha da zənginləşdirir. Adların düzgün yazılışına da diqqət edilməlidir və yazılan adlar Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğun olmalıdır.
“Nikah əməliyyatlarının aparılması qaydaları haqqında” Culfa rayon qeydiyyat şöbəsinin rəisi Ramazan Nəcəfov məlumat verib. Qeyd olunub ki, nikahın, doğumun və ölümün dövlət qeydiyyatının aparılması üzrə səlahiyyətlər Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri ilə yanaşı müvafiq icra hakimiyyətlərinin nümayəndəliklərı tərəfindən də həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Həmin məcəlləyə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, onların nikah yaşına çatmaları və tibbi müayinədən keçmələri zəruridir. Nikah qeydiyyatının aparılması üçün nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onlarin iştirakı ilə bağlanır. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzaldıla bilər. Hər ay icra nümayəndəlikləri hesabatları təqdim edərkən bütün akt qeydlərinin tərtib vəziyyəti tərəfimizdən yoxlanılır.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, verilən suallar cavablandırılmış və seminar iştirakçılarına “İcra hakimiyyəti nümayəndəliklərinin apardığı qeydiyyat əməliyyatlarının əsas məqamları barədə” məlumat bukleti paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti