date saat

Hüquqi dövlətlərdə məhkəmə qərarlarının ədalətli olması ilə yanaşı onun icrası da vacib əhəmiyyət kəsb edir. Bununla bağlı respublikamızın qanunvericilik sisteminə mühüm qanunlar daxil edilmişdir. Məhkəmə qərarlarının icra mexanizmini müəyyən edən "İcra haqqında" Azərbaycan.Respublikasının Qanunu qəbul edilmişdir.

Əsas fəaliyyət istiqamətlərimizdən olan məhkəmə qərarlarının icrası nazirlik tərəfindən diqqət mərkəzində saxlanılır. Hər il nazirliyin iş planında yerli icra və probasiya qurumlarına köməklik göstərilməsi ilə bağlı müvafiq bəndlər əlavə edilir. Nazirliyin 2019-cu ilə dair iş planında məhkəmə qərarlarından yayınan şəxslər barəsində zəruri profilaktik tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Məhkəmə qərarlarının vaxtında icra olunması ilə əlaqədar görülən tədbirlərin davamı olaraq nazirliyin əməkdaşları növbəti hüquqi-maarifləndirmə tədbirini Ordubad rayonunda təşkil etmişlər. Əməkdaşlarımız tərəfindən icra sənədi üzrə icradan yayınan borclular barədə Ordubad Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan aliment və pul tələbi, inzibati cərimə, uşaqla ünsiyyət, dövlət rüsumunun qaytarılması tələblərinə dair borclularla profilaktik söhbətlər aparılmışlar.

Söhbət zamanı bildirilmişdir ki, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Qanuna əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun tələbləri respublika ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir və icra məmurunun tələblərinə əməl etməyən, icraya mane olan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Məhkəmə qərarlarının borclular tərəfindən yerinə yetirilməməsinin İnzibati Xətalar və Cinayət Məcəllərinə uyğun olaraq məsuliyyətə cəlb edilməsinin əsasları barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edən təqsirkar şəxslər, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda inzibati qaydada məsuliyyətə cəlb olunur. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.

Məhkəmə qərarlarının icrasıyla əlaqədar aparılan profilaktik tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulmuşdur.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti