date saat
Respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, cəmiyyətdən təcrid etmədən islah olunma metodlarının təşkili diqqət mərkəzində saxlanılır. Qanunçuluğun gözlənilməsinə yönəlik dövlət siyasəti cəmiyyətin bütün sferalarına nüfuz etmişdir. Görülən işlər nəticəsində cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi sahəsində də mühüm uğurlar əldə edilmişdir. Penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi nəticəsində mütərəqqi vasitələrin tətbiqi genişlənmişdir.
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının məqsədlərindən biridə cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsi üçün şəraitin yaradılmasından ibarətdir.
Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların (cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması) icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə ədliyyə sistemində yaradılan yeni probasiya sahəsi müasir informasiya kommunikasiya texnologiyaları ilə elektron nəzarət vasitələrinin tətbiqini həyata keçirir.
Probasiyanın əsas vəzifələri azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətdə müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqini təmin etməkdir. Qeyd olunan cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti elektron vasitələrlə həyata keçirilir. Bu vasitələrə məhkumların üzərinə taxılması nəzərdə tutulan elektron nəzarət vasitəsi, mobil qurğular, eləcə də izlənmə monitorları daxildir.
Naxçıvan Muxtar Respublikası ərazisində elektron nəzarəti həyata keçirmək üçün nazirlikdə elektron izlənmə sistemi qurulmuşdur. Sistem Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yerləşən mərkəzi serverə qoşuludur. İcra məmurları tərəfindən elektron nəzarət vasitəsi azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə bağlanır ki, bu da onların hərəkət trayektoriyalarının izlənməsinə, müvafiq məlumatların izlənmə monitoruna ötürülməsinə imkan yaradır. İzlənmə monitoru 24 saat ərzində fasiləsiz aparılan bütün izlənmə məlumatlarını qəbul edir, məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edir və ona nəzarəti həyata keçirir. Hazırda muxtar respublikada probasiya sahəsi üzrə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitəsi tətbiq olunmuşdur. Məhkumlara elektron sistemlə gündəlik nəzarət edilir. Görülən qabaqlayıcı profilaktik tədbirlər və maarifləndirmə nəticəsində həmin məhkumlarla bağlı hər hansı qanun pozuntusu aşkar edilməmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti