date saat
Məhkəmə qərarlarının icrası hüququ pozulmuş vətəndaşların hüquqlarının təmin edilməsində vacib amildir. Əsas fəaliyyət istiqamətlərimizdən olan məhkəmə qərarlarının icrası daim diqqət mərkəzində saxlanılır. Hər il tərtib olunan iş planında məhkəmə qərarlarından yayınan borclular barədə zəruri profilaktik tədbirlərin görülməsi üçün müvafiq bəndlər tərtib olunur.
Nazirliyin 2019-cu ilin iş planına uyğun olaraq İstintaq bölməsi İcra və probasiya şöbəsi ilə birlikdə növbəti profilaktika tədbirini Şahbuz rayonunda təşkil etmişdir. Tədbirdə icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmış, onlara icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin məsuliyyəti barədə qanunvericiliyin tələbləri izah olunmuşdur.
Nazirliyin əməkdaşları icra sənədi üzrə icradan yayınan borclular barədə Şahbuz Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan aliment və pul tələbi, inzibati cərimə, uşaqla ünsiyyət, dövlət rüsumunun qaytarılması tələblərinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparmışdır.
İcradan yayınan borclu şəxslərin diqqətinə çatdırılmışdır ki, “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun tələblərinin respublika ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburiliyi, icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslərin İnzibati Xətalar Məcəllləsinə və Cinayət Məcəlləsinə müvafiq olaraq inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar.
Nazirliyin əməkdaşları mütəmadi olaraq icrası çətinlik törədən işlərin həyata keçirilməsində yerli qurumlara köməklik göstərir. Xüsusən də icrası uzun müddət davam edən aliment, pul tələbi işlərinin icrasında yaxından iştirak edirlər.
Mövcud sahədə aparılan profilaktik tədbirlərin digər yerli qurumlarda da davam etdirilməsi nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti