date saat
Ədliyyə Nazirliyinin kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyini ziyarət edib.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan qədim abidələr diyarıdır. Xalqımızın zəngin keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan həmin abidələrdən biri də tariximizə adlı-sanlı generallar, hərbçilər, dövlət xadimləri bəxş etmiş Kəngərli nəslinin, Naxçıvan xanlarının iqamətgahı olmuş Xan sarayıdır.
Muzeylə tanışlıq zamanı bələdçi tərəfindən iştirakçılara şərq memarlığı üslubunda inşa edilmiş abidənin tarixi haqqında məlumat verilib.
Bildirilib ki, bu gün muzey kimi ziyarət olunan “Xan Sarayı” XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlığın siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Naxçıvan xanlığı ləğv edildikdən sonra bir sıra məqsədlər üçün istifadə olunan bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb.
Qeyd olunub ki, Xan sarayı kompleksində yardımçı bina, hovuz, su quyusu, yaşıllıq zolaqları, bəzək və meyvə ağacları var. Bişmiş kərpicdən tikilmiş bina ikimərtəbəlidir. Pəncərələrdə şəbəkə üslubundan, otaqlarda qədim Naxçıvan yaşayış evlərinə xas taxça formalarından geniş istifadə olunub.
Tarixi məkan 1998-ci ildən 2010-cu ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Xalça Muzeyi kimi fəaliyyət göstərib. Naxçıvan xanlığının dövlətçilik tariximizdəki roluna verilən qiymətin təzəhürü olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi adlandırılıb.
Sonra bələdçinin müşayiəti ilə muzeyə baxış olub. İştirakçılar 8 ekspozisiya zalından ibarət olan muzeydə nümayiş olunan 300-dən çox eksponatla tanış olmuşlar. Nümayiş olunan eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, bayrağı, xanlığın xəritəsi vardır. Eyni zamanda tarixin həmin dövrünü özündə əks etdirən saray əhalisinin məişət əşyaları, istifadə olunan silahlar da “Xan Sarayı” Muzeyinin qiymətli eksponatları olaraq nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti