date saat

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət və xüsusi notariat ofislərində 2019-cu ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyətinə dair verilən tapşırıqlardan biri də xüsusi qaydada fəaliyyət göstərən notariusların qanunvericiliyə əməl etməsinə nəzarət edilməsi olmuşdur.

Qeyd olunmuşdur ki, “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin sturukturunda dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 18 may tarixli Fərmanı ilə Naxçıvan şəhər birinci, ikinci, üçüncü, Şərur rayon birinci, ikinci və Babək rayon dövlət notariat kontorları xüsusi notariusa keçirilmişdir. Hazırda muxtar respublikada 11 notariat ofisi vardır ki, bunlardan 5-i dövlət, 6-ı isə xüsusi notariat ofisidir. Nazirlik tərəfindən xüsusi notariuslar qeydiyyat vəsiqəsi və şəhadətnamə ilə təmin edilmişlər. Dövlət notariat kontorlarının xüsusi notariusa keçirilməsi ilə əlaqədar möhürlər müvafiq formada yeniləri ilə əvəz olunmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 15 noyabr 2018-ci il tarixli Qanununa əsasən “notariat kontoru” sözləri “notariat ofisi” sözləri ilə əvəz edildiyindən dövlət notariusları və xüsusi notariuslar tərəfindən istifadə edilən möhürlər yeniləri ilə əvəz edilmişdir.

Vurğulanıb ki, 2019-cu ilin birinci yarımili ərzində dövlət notariat ofisləri tərəfindən aparılmış 8805 müxtəlif məzmunlu notariat əməliyyatlarına görə dövlət büdcəsinə 56035,50 manat dövlət rüsumu ödənilmiş, xüsusi notariuslar tərəfindən isə 23591 müxtəlif məzmunlu notariat əməliyyatları aparılmışdır. Naxçıvan şəhər 1 saylı notariat ofisinin notariusu Cavid Eyvazov 08 iyul 2019-cu il tarixdə Azərbaycan Notariat Palatasının təsis yığıncağında iştirak etmiş və həmin yığıncaqda idarə heyətinin üzvü seçilmişdir.

Nazir notariat sahəsində görülən işlərlə yanaşı yol verilən nöqsanları da diqqətə çatdıraraq, onların aradan qaldırılması üçün tapşırıqlar verdi. Sonra məruzə ətrafında nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov, Naxçıvan şəhər 1 saylı notariat ofisinin notariusu Cavid Eyvazov, Şərur rayon 2 saylı notariat ofisinin notariusu Raif Əliyev, nazir müavini ədliyyə müşaviri Emin Səfərov məruzə ətrafında çıxış etdilər. Məruzə ətrafında təhlillər aparıldı, verilən suallar cavablandırıldı.

Sonda nazir müşavirəyə yekun vuraraq bildirdi ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında verilən tapşırıqlar və qarşıda duran vəzifələr yerinə yetirilməli, nazirlik tərəfindən xüsusi notariusların fəaliyyəti ilə bağlı təşkilati məsələlər daim diqqətdə saxlanılmalıdır. Notariuslar öz növbəsində notariat hərəkətlərinin rəsmiləşdirilməsi zamanı qanunun tələblərinə ciddi əməl etməli, “Dövlət rüsümu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzərdə tutulan rüsum vaxtında dövlət büdcəsinə köçürülməli, rüsumların əks olunduğu lövhələr notariat ofislərinin görünən yerlərində asılmalıdır. Rəsmiləşdirilən notariat əməliyyatları ilə bağlı məlumatlar elektron notariat informasiya sisteminə düzgün yerləşdirilməli, tərəflərin iştirakı zəruri olan notariat hərəkətləri zamanı hər iki tərəfin iştirakı təmin edilməlidir. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı əqdlər təsdiq edilərkən əmlakın qiymətinin real bazar qiymətinə uyğunluğu yoxlanılmalıdır. Notariuslar nizam-intizamlı olmalı və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərlə nəzakətli davranmalıdırlar. Fəaliyyətləri ilə bağlı nazirliyin apardığı hüquqi maarifləndirmə tədbirlərində yaxından iştirak etməlidirlər.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti