date saat

Məhkəmə Ekspertizası Mərkəzində 2019-cu ilin birinci yarımili ərzində görülən işlər və yol verilən nöqsanların aradan qaldırılması istiqamətində xidməti müşavirə keçirilmişdir. Müşavirədə ekspertiza sahəsində işlərinin ümumi sayı, kateqoriyalar üzrə statistikası, ekspertiza işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq keçirilən müşavirənin əhəmiyyətini vurğuladı.

Bildirdi ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən nazirliyə verilən tapşırıqlardan biri də Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin gücləndirilməsi olmuşdur. Verilən tapşırıqların ikinci yarımil ərzində yerinə yetirilməsi əsas vəzifəmizdir. Nazir qeyd etmişdir ki, 2019-cu ilə dair nazirliyin iş planında mərkəzin üzərinə mühüm vəzifələr qoyulmuşdur. Ekspertiza sahəsində təkmilləşdirmə aparmaq, ekspertlərin hazırlıq səviyyəsini artırmaq, fəaliyyətlərini rübdə bir dəfə müzakirə etmək, ehtiyac olan müasir avadanlıqların əldə edilməsini diqqətdə saxlamaq, muxtar respublikanın aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək, birgə təlimlərin keçirilməsini təmin etmək, zəruri hallarda tövsiyyə xarakterli məktublar göndərmək əsas vəzifələr olaraq təsbit edilmişdir.

2019-cu ilin birinci yarımili ərzində Məhkəmə Ekspertizası Mərkəzinə 132 ekspertiza işi daxil olmuşdur. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 iş çoxdur. İcra olunmuş ekspertiza işlərindən 100-ə rəy, 11-ə arayış verilmişdir. 7 ekspertiza işi icra olunmadan geri qaytarılmış, 7 ekspertiza işinin icraatı isə davam etdirilir. İcra olunmuş ekspertizalardan 1-i əlavə, 1-i isə təkrar ekspertizadır.

Daktiloskopik ekspertiza sahəsində yeni üsul və metodikanın öyrənilməsi, bu sahə üzrə kimyəvi tozlardan istifadə qaydalarının mənimsənilməsi məqsədilə həmin sahənin eksperti Samir Məmmədov 18 fevarl-18 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində “Hadisə yerinin kriminalistik tədqiqatı, müxtəlif növ iz və dəlillərin götürülməsi” mövzusu üzrə ixtisasartırma kursu keçmişdir. Ballistik və trasoloji ekspertizalar bölməsinin böyük eksperti Səməd Şahtaxtinski Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində 17-24 iyun 2019-cu il tarixlərində nəzəri və təcrübi təlim kursu keçmişdir. Bu sahədə görülən tədbirlər Məhkəmə Ekspertizası sahəsində nöqsanların aradan qaldırılması və yeniliklərin tətbiqi üçün vacib əhəmiyyətə malikdir.

24 may 2019-cu il tarixdə “Məhkəmə ekspertizasının aktual məsələləri” mövzusunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun bir qrup əməkdaşlarının, 13 iyul 2019-cu il tarixdə isə “Elmi texniki, kriminalistik üsul və vasitələrdən istifadə etməklə keçirilən ekspertizalar" mövzusunda Naxçıvan Muxtar Respublikası gömrük orqanlarının əməkdaşlarının iştirakı ilə praktiki seminarlar keçirilmişdir. Seminarlar zamanı iştirakçılar mərkəzin atəş zalında, kriminalistik-texniki və fiziki-kimyəvi laboratoriyalarında olan avadanlıqlarla və onların iş prinsipi ilə tanış olmuşlar.

Nazir görülən işlərlə yanaşı ekspertiza sahəsində yol verilən nöqsanları diqqətə çatdıraraq, həmin nöqsanların qısa zamanda aradan qaldırılması sahəsində tapşırıqlar verdi.

Məruzə ətrafında Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov ekspertlər Səməd Şahtaxtinski, Samir Məmmədov və nazir müavini, ədliyyə müşaviri Emin Səfərov çıxış etdilər.Müzakirə ətrafında təhlillər aparıldı, verilən suallar cavablandırıldı.

Sonda nazir müşavirəyə yekun vuraraq bildirdi ki,  beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında verilən tapşırıqlar və qarşıda duran vəzifələr layiqincə yerinə yetirilməli, bütün ekspertiza sahələri üzrə tədqiqat aparılmasının yeni metod və üsulları mənimsənilməli, texniki avadanlıqların imkanlarından səmərəli istifadə edilməlidir. Aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq genişləndirilməli, birgə təlimlər və seminarlar təşkil edilməli, əməkdaşlar arasında nizam-intizam səviyyəsi yüksəldilməlidir.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti