date saat

2019-cu ilin birinci yarımili ərzində icra və probasiya şöbə və bölmələrində görülmüş işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir. Müşavirədə mövcud sahədə olan icra işlərinin ümumi sayı, kateqoriyalar üzrə statistikası, icra işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Tədbiri giriş sözü ilə Ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq bildirdi ki, 2019-cu ilin birinci yarımili ərzində daxil olmuş işlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 175 iş çoxdur. Hazırda icraatımızda 8814 icra işi vardır ki, bunların da 7744-ü ötən illərdən icrası davam edən işlərdir. İcra işlərinin aparılması ilə bağlı 31 icra məmurumuz fəaliyyət göstərir. Muxtar respublika üzrə ümumi daxil olan işlərin icra oluma faizi 70.2%  təşkil edir. 2019-cu ilin birinci yarımili ərzində icradan yayınan 113 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, məhdudiyyətin qoyulmasına səbəb olmuş hallar aradan qalxdığına görə 136 nəfər borclunun üzərindən məhdudiyyət götürülmüş, aliment tələbi ilə bağlı işlər üzrə 12 nəfər, pul tələbi ilə bağlı işlər üzrə 1 nəfər olmaqla ümumilikdə 13 nəfər borclu inzibati qaydada həbs edilmişdir. İcradan yayınan borclular barəsində axtarış qərarı qəbul edilərək ərazi polis orqanlarına göndərilmişdir. İcra məmurları 21 cinayət, 840 mülki və 25 inzibati iş olmaqla, ümumilikdə 886 məhkəmə iclasında iştirak etmişlər. 2 nəfər məhkuma elektron nəzarət vasitələri tətbiq edilmiş və probasiya nəzarəti həyata keçirilir.

Bu sahədə vətəndaşlardan daxil olan müraciətlər vaxtında araşdırılaraq operativ şəkildə cavablandırılmış, müvafiq köməklik göstərilərək, hüquqları izah olunmuşdur. Nazirliyin əməkdaşlarından ibarət qrup muxtar respublika üzrə işlərə cəlb edilmiş, 60-dan artıq icrası çətinlik törədən işin icrasına köməklik göstərilmişdir. Hüquqi maarifləndirmə tədbirlərinin icrasıyla əlaqədar muxtar respublikanın rayon (şəhər) qəzetlərində 17 məlumatlandırıcı yazılar dərc edilmişdir.

Qeyd olunmuşdur ki, görülən işlərlə yanaşı nöqsanlı hallara da rast gəlinir. Bəzi əməkdaşların işlərə səthi yanaşması, icraatda olan işləri təhlil etməməsi, bəzi hallarda vətəndaşlarla kobud rəftar etməsi buna misal ola bilər. Nazir bildirdi ki, nöqsanların aradan qaldırılması üçün hər bir əməkdaş daha məsuliyyətli, nizam-inzitazmlı olmalı, vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarının tələblərinə düzgün əməl etməli, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidir. İcraatda olan işlərin icra olunma faizi yüksəldilməli, aliment və pul tələblərində ödəmələrin vaxtında aparılması təmin edilməlidir. İcradan yayınan borclular barəsində müvafiq tədbirlər görülməsi işi sürətləndirilməlidir. Bütün icra və probasiya qurumları işlərində dönüş yaratmalıdırlar. Əsas vəzifələrdən olan hüquqi maarifləndirmə işləri davam etdirilməli, muxtar respublikanın yerli informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilməlidir.

Mövzu  ətrafında nazir müavini, icra və probasiya şöbəsinin rəisi və yerli icra və probasiya qurumlarının rəisləri çıxış edərək görülən işlər  barədə məruzə etmişlər.

Müşavirədə nazir qeyd etmişdir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən nazirliyə məhkəmə qərarlarının vaxtında icra olunmasını diqqətdə saxlamaq tapşırığı verilmişdir. Sessiyada qarşıya qoyulan vəzifələr ikinci yarımil ərzində əsas vəzifələrimizdən olmaqla icrası təmin olunacaqdır. Bununla əlaqədar olaraq icraatda olan işlərin, xüsusilə də aliment və pul tələblərində ödənişlərin vaxtında yerinə yetirilməsinə diqqət artırılmalıdır.

Nazir sonda ikinci yarımildə qarşıda duran vəzifələrin icrasının həyata keçirilməsi istiqamətində tapşırıqlarını verdi.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti