date saat

Ədliyyə Nazirliyi ilə Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.

Seminarda Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov “Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı ilə bağlı vəzifələr və məsuliyyət” mövzusunda çıxış etmişdir. Qeyd etmişdir ki, vətəndaşlıq vəziyyəti aktları rəsmiləşdirilərkən qanunvericiliyin tələbləri gözlənilməli, kargüzarlıq işləri aparılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilən təlimatın tələblərinə əməl edilməlidir.

Qeydiyyat şöbələri doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İcra hakimiyyətinin nümayəndələri isə doğumun, nikahın bağlanmasının, ölümün qeydiyyatını aparmaq və doğum, nikah, ölüm haqqında şəhadətnamələr vermək səlahiyyətinə malikdirlər.

Səyyub Kərimov qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsini, nöqsanlara yol verilməməsini əsas vəzifələrdən olduğunu diqqətə çatdırdı. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması zamanı qeydiyyat şöbəsinin rəisi və əməliyyatları icra edən inzibati ərazi dairəsi üzrə nümayəndə müvafiq əməliyyatı apardıqdan sonra rəsmiləşdirməli və qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasına görə bu məqsədlə müraciət etmiş şəxslər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu ödəyirlər. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı müvafiq elektron informasiya sisteminə ötürülməsinin operativliyini təmin etmək üçün icra nümayəndələri tərəfindən doğum, nikah və ölüm haqqında statistik məlumatların qeydiyyat şöbəsinə vaxtında təqdim olunması vacibdir.

Seminarda Kəngərli Rayon Qeydiyyat Şöbəsinin rəisi Gülçin Ağayeva “Doğum, ölüm və nikahın qeydiyyatı qaydaları haqqında” və Kəngərli  Rayon İcra Hakimiyyəti başçısının Şahtaxtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səfər Qazıbəyov “İcra nümayəndəliyində qeydiyyat işinin təşkili” mövzusunda çıxış ediblər.

Seminarın sonunda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti