date saat

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyev və dini tolerantlıq” mövzusuna həsr olunan tədbir keçirilib. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların iştirakı ilə keçirən tədbirdə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə kapitanı Nizami Nəcəfov açaraq ümummilli lider Heydər Əliyevin milli-mənəvi sahədə həyata keçirdiyi mütərəqqi islahatlar barədə məlumat verib. Bildirilib ki, Heydər Əliyevin banisi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında dilindən, dinindən, milliyətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşları üçün bütün hüquq və azadlıqların bərabər təsbit edilməsi, ümummilli liderin tolerantlıq siyasətinin bariz nümunəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin eksperti Sabir Xəlilov Heydər Əliyevin tolerantlıq siyasətindən, islam dininə bağlılığından, eyni zamanda digər dinlərə qarşı hörmət və ehtiramından bəhs edib. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlər, xüsusi ilə də dini dəyərlər sisteminin sağlam müstəvidə inkişaf etdirilməsi və qorunması üçün güclü siyasi iradəsi, dövlətçilik təcrübəsinin böyük rol oynadığı vurğulanıb. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dini təhlükəsizlik təmin edilib, məzhəbçilik, dini-nifrət, ayrıseçkiliyin ölkəmizə ayaq açmasının qarşısı qətiyyətlə alınıb. İctimai və milli təhlükəsizliyə yönəlmiş son dərəcə təhlükəli tədbir olan radikalizmə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.

Tədbirdə mövzu ilə bağlı məhkumlar fikirlərini bildirib, düşüncələrini paylaşıblar.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən dini tolerantlıqla bağlı müxtəlif adda 10 kitab cəzaçəkmə müəssisəsinin kitabxanasına hədiyyə edilib.

 

 

         Naxçıvan Muxtar Respublikası

    Ədliyyə Nazirliyinin mətbuat xidməti