date saat

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur”.

Heydər Əliyev dövrünün uzaqgörən dövlət xadimi, idarəetməsində insan hüquq və azadlıqlarını, humanizmi əsas prinsip kimi götürərək xalqın və millətin gələcəyinə çıraq tutan şəxsiyyət idi. Heydər Əliyev irsi bir məktəbdir, daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması zəruridir. Bu gün böyük fəxr və qurur hissi ilə onun əziz xatirəsini ehtiramla anır, müqəddəs ruhu qarşısında baş əyirik.   Müstəqil Azərbaycanın bütün uğurlarında Heydər Əliyev imzasını görmək mümkündür. Bütün sahələrdə olduğu kimi Azərbaycanda söz, fikir azadlığının sağlam və peşəkar mətbuatın formalaşması və plüralizmin inkişafında da Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə - ötən əsrin 70-80-ci illərində mətbuatın  ideoloji cəhətdən sıxışdırılması nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin qətiyyətli mövqeyinə əsaslanan ölkə mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edir, cəmiyyətin nöqsanlarını, qlobal problemləri açıb göstərirdi. Müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq sovet hakimiyyəti dövründə mətbuat nəzəriyyəsi inkişaf etməyə və jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başladı. 1969-cu ildə ozamankı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzdində Jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf meyilləri formalaşdı, o illərdə milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, təcrübələrini bu gün də gənc nəsillə bölüşən orta və yaşlı nəslin söz ustaları yetişdilər.

Xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyev siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövründən başlayaraq mətbuatı siyasətin əsas qüvvəsi kimi ön plana çəkməyə başladı. Məhz 22 iyul 1990-cı ildə geniş xalq kütləsi qarşısında ilk tarixi çıxışı mətbuat sayəsində geniş auditoriya toplaya bildi. Dahi siyasətçi o dövrdə - ağır iqtisadi blokada şəraitində dünyanın nəzər-diqqətini də mətbuatın gücü ilə Naxçıvana yönəltməyi bacarmışdı. Heydər Əliyevin səyləri nəticəsində dünya ictimaiyyətində ilk dəfə olaraq ölkəmiz haqqında düzgün, obyektiv təsəvvür yaradılmışdı və Ermənistanın təcavüzkar mövqeyi ifşa edilmişdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə ölkəmizdə söz və mətbuat azadlığının inkişafında yeni mərhələ başlandı. Qeyd olunmalıdır ki, müstəqilliyin ilk dövrlərində müəyyən obyektiv və subyektiv səbəblərdən yeni formalaşan ölkə mətbuatı ciddi məhdudiyyətlərlə, çətinliklərlə üzləşmişdi. Respublikada hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə ciddi maneələr yaradırdı.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi.

Mətbuat üzərində senzuranın mövcudluğu şəraitində müstəqil mediadan danışmaq, təbii ki, mümkün deyildi. Belə bir vaxtda, 1998-ci ildə ulu öndər Heydər Əliyevin  KİV üzərində senzuranın tamamilə ləğvi ilə əlaqədar fərmanı kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda atılam mühüm addım oldu. Həmin fərmanla 27 oktyabr 1966-cı ildə yaradılan və ölkədə bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Beləliklə, əsası 1875-ci ildə “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı.

Ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatının azadlığının və müstəqilliyinin hüquqi-mənəvi təminatçısı olmaqla yanaşı, onun maddi-texniki bazasının möhkəmlənməsi qayğısına da qalırdı. 18 dekabr 2001-ci il ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə baş tutan görüşdə ümummilli lider mətbuatın problemlərini dinləyib, müzakirə edərək həlli istiqamətində tapşırıqlarını verdi. Həmin görüşdən sonra bir çox problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Atılan hər bir addımın azad mətbuatın inkişafında öz rolu vardır. Ümumilikdə, ümummilli lider mətbuatın problemlərinin həlli ilə bağlı onlarla fərman və sərəncam imzalayıb. Dahi şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu öndər Heydər Əliyev 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. O, mətbuatın gücünə inanırdı və elə bu səbəbdən də mətbuatdan çox şey umurdu. Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrların sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbu orqanların dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.

Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Respublikamızda xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər mövcuddur. Atılan addımlar bir daha bu reallığı ortaya qoyur ki, dövlətin əsas prioriteti vətəndaşlarımızın informasiya mənbələrinə əlçatanlığnı təmin etməkdir. Müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın hüququdur və dövlətimiz bu hüquqları təmin edir. Bir sözlə, sivil, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi, Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur, insan hüquqları yüksək səviyyədə qorunur, bu, dövlətimizin demokratik dəyərlərə sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı olmasının göstəricisidir.

Bu gün zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı özünün yüksəliş mərhələsini yaşamaqdadır. Heç təsədüfü deyil ki, 44 günlük Vətən müharibəsi dövründə də mətbuatımız və mətbuat nümayəndələrimiz, cəbhədə olduğu kimi söz savaşında da layiqli mübarizə apardı. Ona görə də biz həm döyüş bölgəsində, həm də informasiya cəbhəsində qələbə qazandıq. Bu, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan söz və mətbuat azadlığının, Azərbaycan mediasinin konstruktiv idarə olunması sayəsində aparılan siyasətin uğurlu nəticəsi idi. Bu gün Azərbaycan mediası inkişafın ön sıralarında qərar tutmaqdadır. İnanırıq ki, hər zaman bütün media nümayəndələri anadan olmasının 100-cü ilini qeyd etdiyimiz Azərbaycan mətbuatının inkifaında misilsiz xidmətləri olan Heydər Əliyev irsini davam etdirəcək, üzərlərinə düşən məsul və şərəfli vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

 

Nuranə Kərimova

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin əməkdaşı

"Nuhcixan" İnformasiya Agentliyində dərc edilib