date saat
Mayın 17-18-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Fundamental hüquqlar əbədi dəyərlər kimi” mövzusunda III Daşkənd Hüquq Baharı Beynəlxalq Forumu keçirilib.
Dünyanın 20 dövlətindən 700-dək nümayəndənin, o cümlədən yüksək səviyyəli hökumət rəsmilərinin, ədliyyə, məhkəmə və digər orqanların rəhbərlərinin, nüfuzlu ekspertlərinin və elm xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı forumda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə iştirak edib.
Tədbiri giriş nitqi ilə Özbəkistanın ədliyyə naziri Akbar Taşkulov açıb. Plenar və bölmə sessiyalarla keçən forumda insan hüquqlarının qorunması, hüquqi sahədə İKT-lərin tətbiqi, məhkəmə ekspertizasının inkişafı, mediasiya, korrupsiyaya qarşı mübarizə, dövlət xidmətlərinin göstərilməsi və s. aktual məsələlər müzakirə olunub.
Plenar sessiyada çıxış edən ədliyyə naziri F.Məmmədov dost və qardaş Özbəkistanda keçirilən mötəbər forumun müsbət təcrübələrin mübadiləsi və ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib, insan hüquqları kimi ümumbəşəri dəyərlərə daim sadiq olan Azərbaycanın təcrübəsi ilə bölüşüb.
Bildirib ki, ölkəmizdə insan hüquqlarının təminatı müstəqil dövlətimizin banisi, bu il Azərbaycanda və xaricdə, o cümlədən Özbəkistanda 100 illiyi geniş qeyd olunan ümummilli lider Heydər Əliyev tərəfindən dövlətimizin ali məqsədlərindən biri kimi bəyan edilib.
Nazir BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən olan insan hüquqlarının və qanun aliliyinin təminatında müstəqil məhkəmə hakimiyyətinin mühüm rolunu qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan mütərəqqi islahatlar, ədliyyə və məhkəmə fəaliyyətində rəqəmsal innovasiyaların tətbiqi, əhaliyə keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi barədə ətraflı məlumat verib.
Həmçinin, yüksək texnoloji müasir məhkəmə infrastrukturunun yaradılması, “Elektron məhkəmə” sisteminin tətbiqi, hakimlərin ən şəffaf seçimi, dövlətimizin humanizm siyasəti, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, fəaliyyətin digər sahələrində də müasir texnologiyaların, o cümlədən elektron nəzarət vasitələrinin geniş tətbiqi, “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” kimi qiymətləndirilən "ASAN xidmət"in səmərəli fəaliyyəti maraqla qarşılanıb.
Nazir iştirakçıların diqqətini torpaqlarımızın 30 illik işğaldan sonra azad olunaraq büsbütün dağıdılmış həmin ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılmasına və soydaşlarımızın öz doğma yurdlarına qayıtmasına, bununla onların kütləvi pozulmuş hüquqlarının bərpasına cəlb edərək, qardaş Özbəkistanın Azərbaycana dəstək olaraq Füzulidə müasir böyük bir məktəb binasının inşa etdiyini məmnunluq hissi ilə vurğulayıb.
Forum çərçivəsində həmçinin, Özbəkistan, Qırğızıstan, Sinqapur və digər ölkələrin ədliyyə orqanlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilərək faydalı danışıqlar aparılıb.
Səfər zamanı özbəkistanlı həmkarla Ədliyyə Nazirliyində keçirilmiş görüşdə dost və qardaş ölkələrimiz arasında tarixi köklərə malik əlaqələrin inkişafında ölkə prezidentləri İlham Əliyevin və Şavkat Mirziyoyevin xüsusi rolu vurğulanıb, hüquqi əlaqələrin genişləndirilməsi məmnunluqla qeyd edilib.
Özbəkistanın ədliyyə naziri oxşar tarixə malik ölkələrimizin keçdiyi inkişaf yoluna toxunaraq ötən ilin dekabrında Azərbaycana səfəri zamanı respublikamızın hərtərəfli tərəqqisinin və aparılan islahatların real nəticələrinin şahidi olduğunu vurğulayıb.
Görüşdə hər iki dövlətdə həyata keçirilən ədliyyə islahatları və tətbiq olunan yeniliklər barədə faydalı fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin inkişafına maraq göstərilib.
Əldə olunan razılığa əsasən Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında innovasiyaların, o cümlədən elektron xidmətlərin tətbiqi, hüquqşünasların tədrisi, qanunvericilik, məhkəmə ekspertizası və digər sahələrdə təcrübə mübadiləsinə dair konkret tədbirləri nəzərdə tutan yeni Əməkdaşlıq Proqramı imzalanıb.
Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti həmçinin, Özbəkistan Ədliyyə Nazirliyinin müxtəlif sahələrdə fəaliyyəti, o cümlədən media mərkəzi və ədliyyə tarixinə həsr olunan muzeylə, eləcə də yerli ədliyyə orqanları ilə tanış edilib, habelə Azərbaycan diasporunun nümayəndələri ilə görüşərək həmvətənlərimizin qayğıları ilə maraqlanıb.
Tədbirlərdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak edib.