date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar bölməsinin eksperti Səməd Şahtaxtinski 17-18 may 2023-cü il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində təşkil edilmiş “Tashkent Law Spring” III Beynəlxalq Hüquq Forumunda onlayn formada iştirak etmişdir.

Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin təşkil etdiyi forum “Məhkəmə ekspertizasının inkişafının müasir tendensiyaları” mövzusunda keçirilib. Forumun əsas məqsədi beynəlxalq, xarici və yerli ekspertlər tərəfindən fundamental hüquqlar prizmasından müasir hüquqi tendensiyaların müzakirəsi üçün açıq platforma yaratmaqdır.

Tədbirdə ayrı-ayrı ölkələri təmsil edən məruzəçilər öz ölkələrinin ekspertiza idarələrinin fəaliyyət istiqamətləri, məhkəmə ekspertizası sahəsində qanunvericilik islahatları, məhkəmə ekspertizası sahəsində tədqiqat və metodiki fəaliyyət, məhkəmə ekspertizası fəaliyyətinin standartlaşdırılması və keyfiyyətinin idarə edilməsi, məhkəmə ekspertizasında aktual problemlər, ekspertiza tədqiqatında xüsusi avadanlıq və proqramların rolu barədə məlumat veriblər.

Sonda iştirakçı ölkələrin məhkəmə ekspertizası idarələri ilə Özbəkistan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi arasında memorandumların və əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi təşkil olunmuşdur.

 

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti