date saat

Yerli özünüidarəetmə 21-ci əsrdə demokratiyanı təcəssüm etdirən ən mühüm qurum hesab olunur. Yerli özünüidarəetmənin demokratik dəyərlərə əsaslanması onun səmərəli xidmət göstərən idarəetmə qurumuna çevrilməsini zəruri edən ən mühüm amildir. Demokratik dəyərlərə söykənən yerli özünüidarəetmə yerli səviyyədəki xidmətləri effektli və səmərəli şəkildə yerinə yetirməklə yanaşı, həm də ölkə səviyyəsində demokratiyanın bərqərar olmasına böyük töhfə verir. Məhz bu səbəbdən dünyada və son zamanlar ölkəmizdə bu istiqamətdə ciddi fəaliyyətlər şlamışdır.

Seçki yolu ilə formalaşdırılmış özünüidarəetmə orqanlarının əsas üstünlüyü ondadır ki, onların seçki yolu ilə dəyişdirilməsi imkanları genişdir, şəffaflığa əsaslanır, qərarların qəbulu zamanı kollegiallıq əsas götürülür, qərarların qəbulu və icrasına xalqın bilavasitə nəzarət etməsi üçün şərait yaranır. Yerli özünüidarəetmə dedikdə insanların azad səsvermə yolu ilə təşkil etdikləri xüsusi idarəetmə strukturları nəzərdə tutulur. Onların təşkili sərbəst olsa da, səlahiyyət və öhdəlikləri, maliyyə mənbələri işləyiş prinsipləri yuxarı orqanlar tərəfindən qanunla muəyyən olunur. Yerli özünüidarəetmə orqanlarının seçki yolu ilə formalaşdırılması Avropa Şurasına daxil olan ölkələrdə əsas prinsiplərdən biridir. Avropa Şurasının qəbul etdiyi bu prinsiplər dünyanın digər demokratik ölkələrində də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarının yaradılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Belə ki, bələdiyyələrlə bağlı müddəalar öz əksini ilk dəfə 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında tapmışdır. Ümummilli lider Heydər Əliyev yerli özünüidarəetməni ölkəmizdə gedən demokratiya prosesinin mühüm bir sahəsi kimi dəyərləndirərək bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən etmiş, onun inkişafına xüsusi diqqət və qayğı göstərmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasının IV bölməsi bütövlükdə yerli özünüidarəetməyə həsr edilmişdir. Bu bölmədə bələdiyyələrin işinin təşkili, səlahiyyətləri, qərarlarının icrasına və müstəqilliyinin təminatına dair maddələr (142-146-cı maddələr) əks olunmuşdur. 142-ci maddədə Azərbaycanda yerli özünüidarənin seçki əsasında yaradılan bələdiyyələr tərəfindən həyata keçirildiyi göstərilmişdir. Bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu qanunla müəyyən olunur. Konstitusiyanın 143-cü maddəsinə əsasən bələdiyyələr öz işini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirir.       

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Azərbaycan eyni zamanda “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasını” da qəbul edib. Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyası 2001-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuşdur.

Bələdiyyələrin səlahiyyətləri Konstitusiyanın 144-cü maddəsində göstərilmişdir. Bunlar:

  • bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
  • bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
  • bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
  • yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
  • yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
  • bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
  • yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
  • yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
  • yerli ekoloji proqramların qəbul və icra edilməsi.

Ölkəmizdə yerli özünüidarəetmə sistemini tənzimləyən bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. Məsələn, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının Qanunu və s. bunlardan bəziləridir.

“Bələdiyyələrin statusu haqqında” Qanun yerli özünüidarəetməni həyata keçirən bələdiyyələrin yaradılmasının prinsipləri, rolu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsasları, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirir. Qanuna əsasən yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Qanuna görə, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələrin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur.

Azərbaycanda yerli özünüidarəetmə sistemi inzibati-ərazi vahidinin statusundan (kənd, qəsəbə, rayon, şəhər), ərazi ölçüsündən, maliyyə potensialından və əhalinin sayından asılı olmayaraq bərabər hüquqludurlar və eyni səlahiyyətləri daşıyırlar. Bələdiyyələr arasında heç bir tabeçilik yoxdur. Onların orqanları eyni dərəcədə müstəqildirlər, müstəqil maliyyə mənbələrinə malikdirlər, eyni səlahiyyət yükünü daşıyırlar, öz əmlakı üzərində sərbəst sahiblik və sərəncamçılıq hüququna malikdirlər, müstəqil qərarlar qəbul edirlər və nəhayət ümumölkə miqyaslı seçkilər nəticəsində formalaşırlar.

Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.

Yerli büdcə - bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq və bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil. Bələdiyyələrin qanunvericiliyə uyğun olaraq yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ vardır. Yerli büdcə müstəqildir. Onun öz mədaxil mənbələri var və bələdiyyələr yerli büdcə vəsaiti barədə müstəqil sərəncam verirlər. Bələdiyyələr hər il maliyyə ilinin sonuna yerli büdcədə əmələ gəlmiş sərbəst qalıqları üzərində də sərbəst sərəncam verir. Bələdiyyələr yerli büdcəni müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra edir və onun icrasına nəzarət edir. Bələdiyyə büdcələrinin dövlət büdcəsi ilə münasibətləri də qanunla tənzimlənir. Yerli büdcələrin müstəqilliyinə dövlət zəmanət verir və onun öhdəliklərinə məsuliyyət daşımır.

Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə, onları bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin edirlər. İcra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə uyğun azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.

    Yerli büdcənin gəlirlərinə aiddir:

  1. fiziki şəxslərin torpaq vergisi;
  2. fiziki şəxslərin əmlak vergisi;
  3. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi;
  4. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam dayışıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;
  5. kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər;
  6. Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudala;
  7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər;
  8. fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları;
  9. dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti;
  10. yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyənn edilmiş qaydada hesablanmış faiz və sanksiyalar.

Bələdiyyələrin vətəndaşlar qarşısında öhdəliklərinin yerinə yetirilməsi və yerli əhəmiyyətli məsələlərin həlli üçün həmin gəlir mənbələrindən səmərəli istifadə edilməsi vacibdir.

Son dövrlərdə bələdiyyələrin inkişafı ölkə başçısı cənab İlham Əliyevin diqqətində olmuş, onların səlahiyyətlərinin artırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Yerli özünüidarə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən diqqətlə yanaşılmış, yeni normativ-hüquqi aktlar qəbul edilərək mövcud təcrübənin yaxşılaşdırılmasına xüsusi önəm verilmişdir. Son illər regionların və muxtar respublikanın sosial-iqtisadi inkişafına dair, eləcə də ayrı-ayrı sahələrlə bağlı qəbul edilmiş Dövlət proqramlarında bələdiyyələr üçün müəyyən edilmiş istiqamətlər onların daha yaxşı səfərbər olmasına, yerli əhəmiyyətli məsələlərin  həllində, abadlıq-quruculuq işlərində fəallıq göstərməsinə, işgüzarlıq meyllərinin artmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikasında yerli özünüidarəetmə institutunun yaradılması və onlara verilən imtiyazlar da dövlətin öz xalqının rahat yaşayışını təmin etmək məqsədinə xidmət edir. Bu məqsədlə muxtar respublikamızda yerli özünüidarəetməni həyata keçirən bələdiyyə fəaliyyətinin inkişafına xüsusi qayğı ilə yanaşılır. Məlumat üçün bildirim ki, hazırda muxtar respublikada 170 bələdiyyə orqanı fəaliyyət göstərir ki, bunlardan 6-sı şəhər, 8-i qəsəbə və 156-sı kənd bələdiyyəsidir.

Ümumiyyətlə, bələdiyyələrin əhalinin maraqlarını təmin etmək və bu sahədə səmərəli işləmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə kömək edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi bələdiyyələrə metodik köməklik göstərilməsi işini daim diqqətdə saxlayır. Nazirlik bələdiyyə üzvləri və qulluqçuları üçün mütəmadi olaraq maarifçilik tədbirləri təşkil edir, bələdiyyə orqanları müxtəlif mövzularda metodik vəsaitlərlə təmin olunurlar. Yerli özunüidarəetmə sahəsində qanunvericiliyin öyrənilməısi və düzgün tətbiq edilməsi, bələdiyyə əmlakının idarə olunması bələdiyyələrin əsas vəzifəsidir.

Muxtar Respublikada bələdiyyələrin formalaşması, onların fəaliyyətinin artırılması və cəmiyyətimizə daha yaxından inteqrasiya edilməsi sahəsində dövlət dəstəyi fasiləsiz xarakter daşıyır. Qeyd olunanları nəzərə alaraq bələdiyyə orqanları muxtar respublikanın  ictimai-siyasi həyatında daha yaxından iştirak etməli, hər bir bələdiyyə öz ərazisinin potensialından istifadə etməklə daha səmərəli fəaliyyət göstərməli, dövlətin və öz seçicilərinin  etimadını qazanmaq üçün səy göstərməlidirlər.

 

 Xətai Məmmədzadə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

"Naxcivanxeberleri.com" saytında dərc edilmişdir