date saat

Ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən biri olan ekspertiza işinin təşkili daim diqqət mərkəzində saxlanılır. Ekspertiza işinin keyfiyyətinin yüksəldilməsi, ekspert rəylərinin tam, dolğun tərtib edilməsi, ekpertlərin peşəkarlıq səviyyələrinin artırılması, zəruri sahələr üzrə mütəxəssis hazırlamaq üçün Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri mütəmadi olaraq təcrübə kurslarına cəlb edilirlər. Hər il ekspertlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların elmi konfranslara, təcrübə kurslarına cəlb edilməsi diqqətdə saxlanılır. Müasir texnologiyaların tətbiqi ekspertiza tədqiqatlarının dairəsini genişləndirərək, onların operativ, dolğun və dəqiq aparılmasını və rəylərin tamlığını təmin edir, bununla da cinayətkarlıqla mübarizə işinə dəyərli töhfə verilir, onların isti izlərlə açılmasına mühüm köməklik göstərir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ballistik və trasaloji bölməsinin böyük eksperti Səməd Şahtaxtinski 8 gün müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində “Hadisə yerinin kriminalistik tədqiqatı, müxtəlif növ iz və dəlillərin götürülməsi” mövzusu üzrə nəzəri və təcrübi təlim kursunda iştirak etmişdir.

Kurs müddətində təcrübəli ekspertlər tərəfindən kriminalistika sahəsini tənzimləyən hüquqi-normativ aktlar, bu sahədə aparılan ekspertizalar, tədqiqatlar, eyniləşdirmə sistemləri, kartoteka və kolleksiyalar, məlumat bazaları ilə tanışlıq, hadisə yerinin qorunması, hadisə yerinə baxış, məhkəmə fotoqrafiyası, foto-video çəkilişlərin aparlması, hadisə yerlərinin müayinəsi zamanı aşkar olunan kompüter, telekomunikasiya və müşahidə kameralarında olan məlumatların götürülməsi, əl-barmaq, ovuc və ayaq izlərinin, bioloji izlərin, mikrohissəciklərin, ballistik və digər izlərin aşkarlanması, fiksə olunması, götürülməsi və qablaşdırılması nəzəri izah edilmiş, təcrübi olaraq nümayiş etdirilmişdir.

Təcrübə kursunun sonunda ekspertə kursda iştirakı ilə bağlı sertifikat təqdim edilmişdir.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti