date saat

“Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda təşkil edilən maarifləndirmə tədbirlərinin davamı olaraq növbəti tədbir Şərur rayonunda təşkil edilmişdir. Ədliyyə Nazirliyinin  Şərur Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi seminar Şərur rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə keçirilmişdir.

Seminarı giriş sözü ilə nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov açaraq vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi prosesi barədə məlumat verdi. Bildirdi ki,  vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi qeydiyyat şöbələri ilə yanaşı inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən də həyata keçirilir.

Doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatının aparılması qeydiyyat şöbələrinin səlahiyyətindədir və onlar vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Vətəndaşlıq vəziyyəti aktları rəsmiləşdirilərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Ailə Məcəlləsinə, digər qanunvericilik aktlarına uyğun həyata keçirilir.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş təlimata uyğun olaraq həyata keçirilir. Səyyub Kərimov vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi zamanı dövlət rüsumunun ödənilməsi məsələsinə toxunaraq qeyd edib ki, notariat hərəkətləri aparılarkən qəbul edilmiş dövlət rüsumu əməliyyatları icra edən qeydiyyat şöbələrinin rəisləri və icra nümayəndəlikləri tərəfindən 2 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.

Vurğulanıb ki, icra nümayəndəlikləri tərəfindən doğum, nikah və ölüm haqqında statistik məlumatların vaxtında qeydiyyat şöbəsinə təqdim olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat məlumatlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı müvafiq elektron informasiya sisteminə ötürülməsinin operativliyini təmin etmək üçün vacib əhəmiyyətə malikdir.

Seminarda Şərur Rayon Qeydiyyat Şöbəsinin rəisi Aybəniz Fərəcova “Doğum, ölüm və nikahın qeydiyyatı qaydaları haqqında” və Şərur Rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbrahim Hənifəzadə “İcra nümayəndəliyində qeydiyyat işinin təşkili” mövzusunda çıxış etmişlər.

Seminarın sonunda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti