date saat
Ədliyyə Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu” mövzusunda seminar keçirilmişdir. Naxçıvan şəhər bələdiyyələri üçün təşkil edilmiş seminarda yerli özünüidarə sahəsində qanunvericiliyin təmin edilməsi və ailə təsərrüfatları ilə bələdiyyələrin qarşılıqlı münasibətləri, bələdiyyələrin statusu, bələdiyyə torpaqlarının icarəyə verilməsi məsələləri ilə bağlı qanunverciliyin tələbləri mövzusunda çıxışlar olmuşdur.
Seminarda Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov çıxış edərək bildirdi ki, yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, onların inkişafı üçün əlverişli şərait yaratmışdır. Qəbul edilən qanunvercilik aktlarında, dövlət proqramlarında, kənd təsərrüfatı məhsullarının istehsalına dair tədbirlərin həyata keçirilməsində bələdiyyələrin iştirakı ilə bağlı tədbirlər də öz əksini tapmışdır. 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması yerli özünüidarə orqanlarının üzərinə mühüm vəzifələr qoyur. Belə ki, bələdiyyələr də ailə təsərrüfatları ilə qarşılıqlı münasibətləri gücləndirməli, üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində zəruri dəstək verməlidirlər.
Naxçıvan şəhəri Tumbul bələdiyyəsinin sədri Bəxtiyar Bayramov vurğuladı ki, muxtar respublikada ailə təsərrüfatları günün tələblərinə uyğun inkişaf edir və dövlət qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, çoxsaylı ailə təsərrüfatları yaranmış, həmin təsərrüfatlar insanların rifah halının yüksəldilməsinə, özünüməşğulluğa və iqtisadiyyatımıza müsbət təsirini göstərməkdədir. Bununla əlaqədar bələdiyyələr səahiyyətləri çərçivəsində ailə təsərrüfatları ilə qarşılıqlı fəaliyyət göstərirlər.
Bələdiyyə mülkiyyətinin idarə olunması ilə bağlı qanunverciliyin tələbləri barədə məlumat verən Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov bildirdi ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, bələdiyyə mülkiyyəti bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının vacib şərtlərindən biri də bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli və məqsədyönlü istifadə edilməsidir. Qeyri-qanuni istifadə edilən, özbaşına tutulmuş bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır və həmin torpaq sahələri aidiyyəti üzrə geri qaytarılmalıdır.
Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumat verdi. Bildirdi ki, bələdiyyə torpaqlarının icarəyə verilməsi haqqında qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlamaqla həyata keçirilir. Bələdiyyələr müqavilə şərtlərinə əməl etməyən icarəçilərlə, istifadə edilməyən və ya qanuna, müqavilə şərtlərinə uyğun olmayan istifadə hallarının, torpaqların əsassız dövriyyədən çıxarılmasının qarşısının alınması, torpaqlardan daha səmərəli istifadə olunmasının təmin edilməsi üçün bütün zəruri tədbirləri görməlidirlər.
Seminarın sonunda verilən suallar ətraflı cavablandırılmış, tədbir iştirakçılarına “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu” və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı”na dair metodiki vəsaitləri təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti