date saat
Mayın 4-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar təsdiq olunan tədbirlər planı çərçivəsində ulu öndərin mənalı həyat yolu və müstəsna xidmətlərinə həsr edilmiş kitabların müəllifləri ilə görüş təşkil edilib.
Tədbiri giriş sözü ilə nazirliyin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov açaraq ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətindən bəhs edib, Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılmasının, öyrənilməsinin, təbliğinin, gələcək nəsillərə çatdırılmasının zəruriliyini qeyd edib.
Sonra Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yoluna və müstəsna xidmətlərinə kitablar həsr edən kitab müəlliflləri- Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigarın və Azərbaycan Yazıçılar Birliyinin üzvü Zeyqəm Vüqarın dahi şəxsiyyətin Vətən qarşısında tarixi xidmətlərindən bəhs edən çıxışları dinlənilib.
Bildirilib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Ulu öndər Heydər Əliyev ömrünü bütövlükdə Azərbaycanın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb, dünya dövlətləri sırasında müstəqil Azərbaycan dövlətinə suveren, hüquqi və demokratik dövlət kimi var olmaq hüququ verib.
Natiqlər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərə nəzər salmış, onun müdrikliyi, uzaqgörənliyi, böyük idarəçilik qabiliyyəti, təşkilatçılıq bacarığı ilə ölkəmizin iri addımlarla irəliləməsini təmin etməsindən danışıblar. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin müasiri olmaq hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.
Tədbirdə çıxış edən digər natiqlər Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, titanik fəaliyyətindən ətraflı danışıblar.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti