date saat
İyunun 25-də Ədliyyə Nazirliyi ilə Babək Rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirici seminar keçirilmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda Babək rayonunda keçirilən seminarda nazirliyin Qeydiyyat və notariat şöbəsinin əməkdaşları və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.
Seminarda Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov çıxış edərək bildirdi ki, vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsinin təmini əsas vəzifələrimizdəndir.
Qeyd etdi ki, qeydiyyat şöbəsi və icra hakimiyyəti nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş təlimata uyğun olaraq həyata keçirilir. Vurğulandı ki, qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İcra hakimiyyətinin nümayəndələri isə səlahiyyətləri çərçivəsində doğumun, nikahın bağlanmasının, ölümün qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verirlər.
Səyyub Kərimov vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumunun ödənilməsi haqqında məlumat verərək qeyd etdi ki, dövlət rüsumu ödəndikdən sonra qeydiyyat şöbəsinin rəisi və əməliyyatları icra edən inzibati ərazi dairəsi üzrə nümayəndə müvafiq əməliyyatı rəsmiləşdirməli və notariat hərəkətlərinin aparılması zamanı qəbul edilmiş dövlət rüsumu iki bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir. Əməliyyatlar aparılarkən qaralama, pozuntu hallarına yol verilməməli, müraciət etmiş şəxslərin şəxsiyyəti müəyyən edilməli və rəsmiləşdirmə zamanı vətəndaşların şəxsən iştirakı təmin edilməlidir. Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinin operativliyinin təmin edilməsi üçün inzibati ərazi dairələri tərəfindən doğum, ölüm və nikah haqqında statistik məlumatlar vaxtında qeydiyyat şöbələrinə təqdim olunmalıdır.
Seminarda Babək Rayon Qeydiyyat Şöbəsinin rəisi Gülü Qarayeva “Doğum, ölüm və nikahın qeydiyyatı qaydaları” haqqında və Babək Rayon İcra Hakimiyyəti başçısının Nehrəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Rahil İbrahimli ”İcra nümayəndəliyində qeydiyyat işinin təşkili” mövzusunda çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti